QAFAR CƏFƏRLİ : - QƏRİBLİYİN DADI
(Hekayə)
Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan oğullarının əziz
xatirəsinə.
Polkovnik Kozlov növbəti badəni əlinə götürüb qızarmış gözlərini Teymura zillədi. Sonra yüngülcə udqundu və:
- Aslanov,sən yaxşı kişisən,-dedi. - Neçə ildi müavinimsən. Bütün sirlərim səninlədir. Üstəlik, bir yerdə döyüşmüşük, çətinliklər yaşamışıq, amma dost kimi qalmışıq. Deyim, biləsən: bu müharibə davam etdikcə vəziyyət çox gərginləşəcək.
Teymur ətrafa qeyri-iradi göz gəzdirdi. Pis vaxtlar idi, ehtiyatlı olmaq lazım gəlirdi. Bir neçə stol kənarda iki nəfər orta yaşlı rus həvəslə yeyib-içirdi .Zalda başqa kimsə gözə dəymirdi.
-Sergey Petroviç, bəlkə bu rumkanı içməyəsən?
Kozlov özündən çıxdı:
-İçəcəyəm Aslanov. Sən elə bilirsən mən sərxoşam, yox əzizim. Bilirsən də, mən iyirmi beş il Ukraynaya xidmət etmişəm, amma indi... Müharibə heç kimə xeyir gətirmir. Ortaya əbədi düşmənçilik düşdü. Gərək belə olmayaydı.- Susdu, ilan kimi fısıldadı. -Amma nə etmək olar,biz əmrə tabe adamlarıq.
-Yaxşı Petroviç, bu rumkanı da vur, çıxaq gedək.
Kozlov gülümsədi və badəni bir nəfəsə başına çəkdi. Sonra qabdan bir tikə çörək götürüb iylədi və yerinə qoydu.
-Aslanov, deyim biləsən. Bir az əvvəl məlumat verdilər ki, sabah səhər saat 5-də Avdeyevka çəhərinə hücum olacaq. Döyüşdə biz də olarıq. Gecə saat 11-də şəxsi heyəti “Həyacan” siqnalı ilə qaldıracağam. Saat 10-da hissədə olarsan ki, təchizata məsul müavin kimi bəzi məsələləri götür-qoy edə bilək.- Susdu,nəsə düşündü,dərindən köks ötürdü.-Kim bilir, bəlkə bir də görüşmədik,-dedi. Onun səsində aşkar kədər hiss olundu.
Eşitdiyi xəbər Teymurun içindən ilğım kimi keçdi. Bacardıqca içindəki narahatçılığı gizlətməyə çalışdı. Kozlovun içkili olması da köməyinə gəldi. Bu narahatçılıq döyüşdə iştiraka görə deyildi, artıq bunu iki-üç dəfə yaşamışdı. Səbəb daha ciddi və tamam başqa idi. Teymur özünü toparladı və gülərək:
-Görüşərik Petroviç, narahat olma. İndi daha gedək, artıq günorta saat üçdür. Sizi evə aparım, bir az dincəlin, axşam görüşərik.
-Yaxşı, gedək.- Kozlov yanındakı stulun üstündən furajkasını götürüb ayağa durdu. Eyni vaxtda Teymur da stuldan qalxdı, onun arxasıyca qapıya tərəf yeridi. Kozlovun yerişində səndələmə hiss olunurdu. Teymur ona yaxınlaşmadı. Bir dəfə bu cür vəziyyətində qoluna girmişdi. Onda onun bərk hirsləndiyini unutmamışdı.
Restorandan çölə çıxanda hər tərəfi ağ örpəyə bürümüş bəyaz qardan Teymurun gözləri anidən qamaşdı. Gözlərini yumub başını aşağı dikdi. Elə bu an hərbi helikopter 80-90 metr hündürlükdən sürətlə uçub keçdi. Helikopterin gurultusu bir neçə saniyə çəkdi və bu gurultu helikopterlə bahəm getdikcə səmada əriyib yox oldu.
Qışın oğlan çağı olsa da bu gün havada bir mülayimlik hiss olunurdu. Səhərdən çıxan günəş şaxtalı havadan əsər-əlamət saxlamamışdı. Hündür şam ağacları, yaxınlıqda olan parkdakı bəzəkli ağac və kollar, binaların üstü ağ örpəkdən qismən xilas olmuşdu. İstidən yumşalmış qar topa halında binaların ətrafında yerə sərilib qalmışdı.
Teymur irəli keçib restoranın qarşısında saxladığı maşına tərəf getdi. Çataçatda cibindən açarı çıxarıb düyməsini basdı. “Mersedes-190” markalı qara rəngli maşından gələn “cuqqultu” səsi ilə eyni vaxtda yan işıqları yanıb-söndü. O əvvəlcə maşının qabaq sağ qapısını açdı. Kozlov fısıldaya-fısıldaya qarşıya keçdi və maşına oturdu.
Maşın hərəkətə keçdi, təkərlər qarlı suyu ətrafa səpərək irəlilədi. Təxminən on dəqiqəlik yoldan sonra maşın iki mərtəbəli binanın qarşısında dayandı. Kozlov qolundakı saata baxıb gülümsədi və sol əli ilə Teymurun sağ dizinə vurdu:
-Mayor Aslanov, bu tarixi yadda saxla: bu gün on altı fevral iki min iyirmi dördüncü ildir. Sabah Avdeyevkada olarıq. Demək,...- O. iti nəzərlərlə irəli baxıb bir anlıq nəsə düşündü, sonra aramla:- Beş saaatdan sonra hissədə görüşürük,-dedi.
Teymur eyni təbəəssümlə cavab verdi:
-Oldu cənab polkovnik.
Teymur komandirlə sağollaşıb maşının üzünü arxaya çevirdi və sürətini artırdı. Bütün varlığını bürüyən narahatçılığın səbəbi isə beynində ildırım sürəti ilə dolaşırdı.“-Avdeyevkaya hücum amansız olacaq. Bəs Seymur necə olsun? Bu döyüşdən salamat qurtara biləcəkmi?”
Həyacandan ürəyi sıxılırdı. Maşını yolun kənarına çəkdi. Yol qırağındakı hündür şam ağacları arxadakı binaları görünməz edirdi. Əks tərəfdə isə top, raket hücumları nəticəsində yanıb kül olmuş evlərin, dağılmış binaların qaralmış silueti qalmışdı. Teymur bir daha ətrafa diqqət kəsildi, maşının qarşı və arxa tərəfinə boylandı. Tam sakitlik idi. Cibindən mobil telefonu çıxartdı. Anidən beynindən: “Telefonla danışmaq olmaz, yenə təhlükəsizi “Votsap”dır”- fikri keçdi. Telefonun “Votsap” yerinə girdi. Barmaqlarının titrədiyini özü də hiss edirdi.Üst-üstə bir neçə zəngə cavab almadığından mesaj blokuna azərbaycan dilində bu sözləri yazdı :”-Seymur, sabah səhər saat 5-də sizdə bərk tufan qopacaq. Çalış qonşu şəhərə gedəsən. Mesayı oxuyan kimi zəng elə, ya da cavab yaz.”
Teymur hələ səhərdən ürəyində küt ağrı hiss edirdi. Qəribə bir narahatçılığı vardı. Səbəbini özü də bilmirdi. Sanki bir bəd xəbər eşidəcəkdi. Səhər zəng edib anası ilə danışdı. Seymur da hər şeyin normal olduğunu demişdi. Nədənsə, bu narahatçılıq ötüb keçmirdi və budur sürpriz: “Sabah səhər döyüşə girəcəyik.”
Əvvəlki döyüşlərdən bir təhər sağ-salamat qurtulmuşdu. Görəsən bu döyüşdən salamat çıxa biləcəkdimi? Güllənin, mərminin də Allahı olmur. Harda yaxalayırsa, adamı elə oradan da birbaşa o biri dünyaya aparır.
Ətrafda bombalanmış binalar, yanıb sıradan çıxmış mülki və hərbi maşınlar, kömür kimi qaralmış ağaclar diqqət çəkirdi.
Teymurun sürdüyü maşın indi Gənclər Parkının kənarı ilə hərəkət edirdi.
Donetsk şəhərinin mərkəzində yerləşən bu parkın böyük bir ərazisi var idi. Parkdakı yaşıllıq, gül-çiçək, bəzəkli ağacları və kollar insanı heyran qoyurdu. Sovetlər vaxtı köhnə ittifaqın iki şəhəri öz yaşıllığına görə lider hesab olunurdu. Biri Qazaxıstanın paytaxtı Alma-Ata, o biri isə Ukraynanın Donetsk şəhəri sayılırdı. Donetsk şəhərinin yaşıllığa görə İttifaqda ikinci olmasında bu parkın yəqin ki, özünə məxsus, xüsusi payı var idi. Təəssüf ki, parkın möhtəşəmliyindən indi əsər-əlamət qalmamışdı. İllər boyu davam edən müharibə parka da öz zərbəsini vurmuşdu. Teymur bomba və raket zərbələrindən viran qalmış parkı seyr etdikcə dodağı səyridi və o, kədərlə köks ötürdü. Parkın giriş hissəsində olan hündür qovaq ağacının altındakı beton oturacaqlar gözünə sataşanda isə üzünə təbəssüm qondu.
...Teymur 2005-ci ildə Bakıda kompyuter mühəndisliyi ixtisası üzrə ali təhsilini başa vurmuşdu. Artıq hərbi xidmətdə olmuş, bərkdən-boşdan çıxmışdı. İşin tərsliyindən həmin ilin əvvəlində, qışın şaxtalı-sazaqlı günlərin birində ailənin yeganə evə çörək gətirəni- atası Soltan kişi vəfat elədi. Böyük oğul kimi evin-ailənin bütün yükü Teymurun boynuna düşdü. İş üçün döymədiyi qapı qalmadı, amma “buyur” deyən də olmadı. Bir ara məcbur olub özəl şirkətlərin birində malpaylayan-ekspeditor kimi işə düzəldi. Belə işlərdən ötrü nəinki ali məktəb, heç orta məktəb bitirməyə də ehtiyac yox idi. Xersonda yaşayan bibisi oğlu Mahirin bir telefon zəngi ilə həyatı büsbütün dəyişdi. Deməsinə görə oralarda iş çox, işləməyə isə təhsilli adam yox idi. Anası Zəhra xanımdan xeyir-dua aldı və Xersona yollandı. Əvvəlcə özəl şirkətlərin birində kompyüter mühəndisi kimi işə düzəldi.Üç ildən sonra Ukrayna vətəndaşlığını aldı. Kompyüter mütəxəssisi kimi “leytenant” rütbəsi ilə onu hərbiyə işə götürdülər. Dolanışığı pis deyildi. Hər ay evə pul göndərir, həftədə bir dəfə telefonla evə zəng edir, anasının əhvalı, bacısı Sənəmin və kiçik qardaşı Seymurun təhsili ilə maraqlanırdı.Sənəm orta məktəbi bitirib rayonda tibb kollejinə daxil oldu. Kolleji bitirən kimi ailə qurdu. Seymurun isə təhsilə həvəsi olmasa da güləşçi kimi idmana marağı çox idi. Yarışlarda iştirak edib fəxri yerlər də tutmuşdu. Hərbi xidməti xüsusi təyinatlı dəstədə keçdi. Fəhləlikdən savayı bir iş də tapa bilməyən qardaşını Teymur öz yanına çağırdı. Həmin vaxtı Teymur Avdeyevka şəhərində xidmət edirdi. Orda yaşayan bir dostunun köməyi ilə Seymur üçün ticarət obyekti aldı və bu cür iki qardaş bir şəhərdə yaşamağa başladılar.
Artıq 2011-ci il idi. Yaz günlərinin birində Donetsk şəhərinə gəzməyə gələn Teymur şəhərdəki məşhur Gənclər Parkının girəcəyindəki beton oturacaqda dostunu gözləyərkən təsadüfən Nadya adlı bir rus qızı ilə tanış oldu. Bu tanışlıq dörd aydan sonra evliliklə başa çatdı. Bir ildən sonra isə qardaşlar Vətənə qayıtdılar. Bir ayın tamamında toy edib Seymurun gözaltı elədiyi Aytəni də gəlin gətirdilər. Seymur bir ayın gəlini Aytəni anasının yanında saxlayıb çörək dalınca yenidən Avdeyevkaya döndü. 2013-cü ilin noyabr ayında Teymurun hərbi xidmət yeri Donetsk şəhərinə dəyişdirildi. Donetsk Avdeyevkadan cəmi 20 km şimal-qərbdə yerləşirdi və sözün həqiqi mənasında yaşıllıqlar diyarı idi. O vaxt bölgədə hər şey köhnə qaydadakı kimi firavan və sakit görünsə də əslində münaqişə və müharibə ocağı tüstüləməyə başlamışdı...
Qarlı havada maşın sürməkdə pərgar olsa da Teymur maşını aşağı sürətdə sürməyi sevirdi. Xüsusən, indiki halında, həyacandan bədənini bürüyən narahatçılığa, beynində yaranan qarışıq fikirlərə görə özünü ələ almağa, bir yol tapmağa çalışırdı. Nəhayət, “Bir az dincəlmək lazımdır”- düşüncəsi daha güclü oldu və o, maşını yaşadığı bina istiqamətinə döndərdi. Son iki ildə yaşadığı bina vaxtilə Donetskin ən rahat və ən gözəl məkanı sayılan yerdə idi. Amma indi cəbhə bölgəsinə yaxınlığı: uçan raketlərin, topların, güllələrin və helikopterlərin səsi, vahiməsi, təhlükəsi buralarda yaşamağı dözülməz edirdi. Maşın binaya yaxınlaşdıqca iri çaplı güllələrin vahiməli vıyıltısı, hardasa bomba partlaması, bombardmançı təyyarələrin göydən yerə səpələnən uğultusu eşidilməyə başlandı. Bu səslərə insanlar artıq adətkərdə olmuşdular. Bu səslər daha Teymuru əvvəlki qədər qorxutmurdu. İndi əsas narahatçılığı, bütün ruhuna hakim kəsilməkdə olan qorxu tək qardaşı Seymur sarıdan idi.
Xaraktercə sakit adam olan Teymur tədricən əsəbiləşir, boğazı quruyur, əlləri əsir, heç cür aram ola bilmirdi. Bütün fikri-zikri sabah keçiriləcək hücum əməliyyatında və qardaşı Seymurun yanında idi. “Mesajı oxusa da cavab yoxdur. Görəsən nə olub? ”-deyə düşündü və anidən üşəndi...
Teymur qapını açıb kimsəsiz otağa daxil oldu.
İki ilə yaxın idi ki, burda yaşayırdı. Əvvəlki evi şəhərin başqa səmtində, hərbi hissənin daxilində idi. Avdeyevkadan pilotsuz təyyarə ilə hərbi hissə vurulanda Nadya təsadüfən həyətdəki parkda dincəlirdi. Balaca oğlu yanında, qızı isə qucağında imiş.Bombardman zamanı Nadya da, uşaqlar da həlak oldular. Hadisədən xəbər tutanda Teymur dəhşətə gəlmişdi. Nə üçün bağrının çatlamadığını, beyninə qan sızmadığını, dəli olmadığını indi də anlaya bilmirdi. İnsan ağlasığmaz, ən dəhşətli, ən acılı zərbəyə də, hadisəyə də, əzaba da dözə bilərmiş.
İki həftə hospitalda əsəb pozğunluğundan müalicə olundu.
Daha onun ailəsi yox idi.
Həmin binada yaşaya bilmədi . Gecələr kazarmada yatırdı. Sonra onun israrlı xahişlərini nəzərə aldılar və evini indiki yerə dəyişdilər.
Teymur bu mənzildə dinclik tapmağa çalışırdı. Burda onun uşaqlarının və bütün varlığı ilə sevdiyi Nadyanın səsi, nəfəsi, hənirtisi yox idi və bu səbəbdən xatirələrin əzabından azca da olsa uzaqlaşıb bu mənasız həyatı yaşamağa çalışırdı. Teymur fərqində idi ki, bu mənzil son və əbədi mənzili xatırladır: soyuq və sakit.
Teymur əl-üzünü yuyub divana uzandı. Mobil telefonun zəngli saatını dörd saat sonraya qurdu. Seymuru bir neçə dəfə yığdı, yenə cavab olmadı. Əsəbi halda telefonu, siqareti və alışqanı yazı masasının üstünə atdı. Arxası üstə uzanıb əllərini bir-birinə keçirtdi və balış kimi başının altına qoydu. Nəzərləri tavanda ilişib qaldı. Beyninə hakim kəsilən qara düşüncələr onu rahat buraxmırdı: “Son on ildə nələr olmamışdı!? Donetsk və Luqansk səkkiz il əvvəl müstəqillik elan etdilər, iki il əvvəl isə Rusiyaya birləşdilər. Nə dəyişdi? Heç nə. Vəziyyət bir az da ağırlaşdı. Ukrayna bölgə ilə bütün işıq, qaz, su xəttini bağladı. Ruslar müəyyən köməklik göstərdilər, amma bu kifayət deyildi. Belə nə qədər davam edəcəkdi? Donbasda şəhərlər kimi insanlar da iki yerə bölünüb: Ukrayna dövlətini müdafiə edənlər və ruslara tərəf keçənlər. Dünənə kimi xeyir-şəri bir olan, can deyib can eşidən qan qardaşları bu gün bir-birinə rəqib, hətta düşmən kimi baxırlar. Yüz minlərlə insanın həyatı ikiyə bölünüb, eynən onunla qardaşı Seymur kimi.”
Teymur dikəlib yazı masasının üstündəki siqaretdən götürdü, yandırıb damağına qoydu. Vurduğu qullabdan sonra tüstünü ağzından çölə pülədi, sonra illərin yorğunu kimi dərindən köks ötürdü. Yenə arxası üstə uzanıb gözlərini tavana zillədi. 2014-cü ilin noyabr ayında Seymurla birgə ata yurdunda olduğu günləri xatırladı.
Analarının 60 illik yubileyinə yığışmışdılar.Uzun illər ibtidai sinif müəllimi işləyən Zəhra ana artıq Krım hadisələrindən xəbərdar idi. Gəldikləri günün axşamı eyvanda çay süfrəsi ətrafında qardaşların söhbətlərinə təsadüfən qulaq şahidi olanda isə ananın dalağı möhkəm sancdı.
“Böyük qardaşı ilə həmişə ehtiramla danışan Seymurun səsində bir əsəbilik hiss olunurdu.
-Rusiya Krım Vilayətini işğal etdi,-Seymur dedi.
-Orda heç bir məcburiyyət olmadı. Bircə güllə belə atılmadı.
-İşi ustalıqla düzüb-qoşdular. Amma bu Donetsk ilə Luqanskin ayrılması yaxşı nəticə verməyəcək.
-Təbii ki, bu hadisələr Rusiyanın drijorluğu ilə baş verir. Bəs sizdəkilərin fikri nədir? Respublikaya qatılacaqlar, ya yox?
Seymur fikrə getdi. Qardaşının simasındakı təbəssüm onu qıcıqlandırır, daxilən hirsləndirirdi.
-Avdeyevka Ukraynanın tərkibində qalacaq.
-Onda sən obyektləri sat, Donetskə köç. Yoxsa səndən nigaran qalaram.
-Yox qardaş, mən ora öyrəşmişəm, heç yana getmərəm.
Teymur onda bir anlıq susmuş, Seymurun üzünə baxıb başını bulamışdı. Sonra astadan köks ötürüb demişdi:
-Xoşluqla olmasa zorla Respublikaya qatacaqlar.
Söhbətin bu yerində Zəhra ana asta addımlarla onlara yaxınlaşıb masanın ətrafındakı stulda oturdu. Yalvarıcı baxışlarla oğlanlarını süzdü və yazıq səslə dilləndi:
-Övladlarım, bəlkə getməyəsiniz... Qayıdın Vətənə... Nə qədər çətin olsa da acından ölmərik...”
Və... bu söhbətin üstündən artıq on ilə yaxın vaxt keçirdi....
Teymur sağ böyrü üstə çevrildi. Əli ilə alnını ovxaladı. Narahatlıq içini dağıdırdı. Avdeyevkaya hücum söhbəti belə qəfil hardan çıxmışdı? On il idi şəhər döyüşür, özünü qoruyurdu. Seymur da iki il olardı Orduya yazılmış, əlində silah döyüşürdü. Taleyə bax ki, indi iki qardaş əks cəbhələrdə üz-üzə qalıblar. Bəs birdən döyüş meydanında qarşılaşsalar necə olacaqdı?...
“Bircə mesayımı tez görəydi!” Teymur son çarə kimi yalnız bu fikrə ümid edirdi.
Tərslikdən o tərəflərdə internet əlaqəsində də tez-tez məhdudiyyətlər olur. Neyləyə bilərdi, əlindən nə gələrdi? Seymurun Vətənə dönməsi üçün çox çalışdı. Burda qalıb boş yerə ölməyinə dəyərdimi? Seymur da ona eyni sözləri deyirdi. Fərqinə varmırdı ki, o hərbiçi zabitdir, qalmağa məcbur idi. Onsuz da iki-üç ilə təqaüd yaşı, xidmət stajı çatanda özü də geri qayıdacaqdı.
Allahım, özün kömək ol.Bircə sabahkı təhlükə sovuşaydı .
Teymurun fikri qəti idi: Seymuru Vətənə zorla, məcburən yola salacaqdı.
Ötən dəqiqələr onu da aram-aram özü ilə yuxuya aparırdı.
...Düz deyilən vaxtı Avdeyevkaya hücum başlandı. Əvvəlcə aviasiya ilə şəhər bombalandı, bir neçə yerdən artilleriya atəşinə tutuldu, “Şahed” tipli pilotsuz təyyarələrlə şəhərin ən vacib nöqtələri vuruldu və sonda piyadaların hücumuna əmr verildi.
Teymur bütün bunları canlı müşahidə edir, ürəyi qan ağlayırdı. Döyüş başlanandan dörd saatdan artıq vaxt keçsə də Seymurdan xəbər tuta bilməmişdi. Bu onu tamam hövsələdən çıxardırdı. Xidmət etdiyi hərbi hissə də şəhərə ilk daxil olan qüvvələr sırasında idi. Avdeyevka az qala yerlə yeksan olmuşdu. Bəzi yerlərdə qısa küçə döyüşləri getsə də bunu ciddi müqavimət hesab etmək olmazdı.
Maşınla şəhərin küçələrini gəzir, vəziyyəti dəqiqləşdirirdilər. Arabir hərbi mundirli insanların meyidləri gözə dəyirdi. Ratsiya ilə verilən məlumatlara görə itkiləri çox olmasın deyə ukraynalılar şəhəri qismən təslim etmişdilər. Bu xəbəri eşidəndə Teymurun əhvalı bir az düzəldi. Belə idisə Seymur döyüşən hissədə şəhəri tərk edənlərin sırasında olmalı idi.
Teymur sürücüyə UAZ-ı şəhərin mərkəzinə tərəf sürməsini tapşırdı. Məqsədi Seymura məxsus “super market”ə baxıb məlumat toplamaq idi. Maşın obyektə yaxınlaşdıqca Teymurun ürəyi az qala ağzından çıxacaqdı. Onun bələdçiliyi ilə maşın dağılmış bir tikilinin qarşısında dayandı.
“Super market” içindəki mallarla birlikdə darmadağın edilmiş, dam örtüyü yanıb kül olmuşdu. Mağazaya yəqin ki, arilleriya bombaları düşmüşdü. Teymur bu mənzərəyə ürək ağrısı ilə tamaşa elədi. Tikilinin dörd tərəfini gəzdi, baxdı, sanki nəsə axtardı, daha nəsə görmək istədi. Gördükləri isə ətrafa səpələnmiş, dağılmış su və şirə qabları, konservlər, biskvit, kartof, soğan və digər ərzaq məhsulları idi. Külək gücü çatan hər şeyi yerindən qopardır, ətrafa yayırdı.
Teymur bikef halda beton parçasının üstündə oturub bir siqaret yandırdı. Bu obyekti aldığı, Seymurla burda görüşdüyü, deyib-güldüyü günləri xatırladı. Ətrafdan hələ də güllə və mərmi səsi gəlirdi. Hərbi təyyarə və helikopterlər şəhəri havadan müşahidə edirdilər.
Teymur maşına oturub şəhərin mərkəzi küçələri ilə sürməyi əmr etdi. Bir neçə yüz metr getmişdilər ki, yolun kənarında qumbaratanla vurulub aşırılan ağ rəngli PİKAP maşını göründü. Maşın tüstüləyirdi. Onun ətrafında əynində Ukrayna Ordusunun hərbi mundiri olan üç nəfər qan içində yerə sərilmişdi. Onun Rusiya tərəfdən – Teymurun xidmət etdiyi Ordudan açılan atəşlə vurulduğu aydın idi. Kim bilir, bəlkə də bu atəşi açmağa eləTeymurun özü əmr vermişdi.
Niyə? Nə üçün? Nədən ötrü? Nəyin uğrunda?
Anasının çağırış səsi qulaqlarını yalayıb keçdi.
Maşın bu ürəkağrıdan mənzərənin yanından ötüb bir neçə metr getmişdi. Birdən Teymur nəsə hiss etdi və bu duyğu ilə sürücüyə tez maşını saxlayıb arxaya verməsini əmr etdi. Sürücü əmri dərhal yerinə yetirdi. Teymur maşından düşüb meyitlərə sarı yüyürdü. Onlardan biri zabit, ikisi serjant geyimində idilər. Yolun kənarına düşmüş idmançı cüssəli serjantın meyidi onu daha çox cəlb elədi.
Sürücü maşından çıxmışdı və siqareti yandırmaq üçün alışqanın çaxmağını sıxmaq istəyirdi. Birdən eşitdiyi qəfil bağırtı səsindən diksindi və alışqan əlindən yerə düşdü. Onun baxdığı istiqamətdə mayor Aslanov bir meyidin qarşısında diz çökmüş, hönkürtü çəkərək onu qucaqlayıb yerdən qaldırmağa çalışırdı.
Teymur bərkdən ağlayır, çağırır, iki əlləri ilə meyidi silkələyirdi.
Birdən mərmi vıyıltısı eşidildi və bu səs tədricən artmağa, yaxınlaşmağa başladı. Və böyük partlayış qopdu. Partlayışın dalğası Teymuru və dizi üstünə aldığı qardaşı Seymurun meyidini kənara tulladı.
...Teymur yaralı halda qardaşının nəşini maşınla aparıb hospitala təhvil verdi. Üç günün içində “əmisi oğlu” adı ilə çətinliklə olsa da onu Vətənə gətirib çıxartdı. Komandiri Kozlovun bu işdə köməyi çox oldu. Tabutun təyyarəyə yerləşdirilməsinə qədər Teymuru tək qoymadı. Yolboyu söhbətində Kozlovun son qələbəyə görə sevinmədiyi də hiss olundu. Onun: “Vaxtilə ailəmlə, dostlarımla Avdeyevka şəhərində gəzib dolaşdığımız, deyib güldüyümüz yerləri viran görəndə sarsıldım,”- deməsi də bundan xəbər verirdi.
Teymurun sanki özü də ölmüşdü və qardaşını ata yurduna onun ruhu aparırdı.
Taxta tabutu həyətə maşınla gətirdilər. Hava küləkli olsa da insanlar dəstə halında durub söhbət edirdilər. Tabut həyətin ortasına qoyuldu. Zəhra ananın xahişi ilə tabutun qapağı açıldı. Ana son vida üçün oğluna yaxınlaşanda qəfil güclənən külək meyidə bükülmüş mələfəni açdı. Seymur gözləri açıq vəziyyətdə sanki Vətən səmasını son dəfə seyr edirdi. Zəhra ana içinə dolan hönkürtü ilə oğluna yaxınlaşıb üzündən öpdü. Göz yaşları Seymurun yanaqlarını islatdı. Ətrafda olan insanlar susqun halda bu səhnəni böyük kədər və ağrı ilə izləyirdilər. Bəzilərinin doluxsunduğu da hiss olunurdu.
Meyid həyətdə düzəldilən xüsusi yerdə yuyulub kəfənləndi. Kənd məscidindən gətirilən tabuta qoyuldu.
Anasının vəhşət dolu ah-naləsi, mollanın “Yasin” səsi, qohum-əqrabanın verdiyi başsağlığı Teymura sanki hansısa bir filmin epizodlarını xatırladırdı.
Yas məclisinə gələn insanlar bu mənasız müharibəni lənətləyir, həlak olan oğullarımıza görə heyfslənirdilər. Əslində, son iki ildə bütün ölkədə olduğu kimi bu kənddə də ikitirəlik düşmüşdü. Ukraynada yaşayanların qohum-əqrəbası bu müharibəni işğalçılıq, Rusiyadakılar isə ədalətli hesab edirdilər və hər birinin də “daşdan keçən sübutu” var idi.
Seymurun dəfni insan izdihamı ilə keçdi. Qardaşını qolları üstdə torpağa tapşıran Teymuru dəfn yerinə toplaşanlar qəbirdən çıxarda bilmirdilər.Teymur özünə lənət oxuyur, qardaşını qoruya bilmədiyinə görə haray çəkib ağlayırdı.
Taleyin ironiyası çox olur və onlardan biri də bu gün insanları təəccübləndirdi. Seymurun məzarı Rusiya tərəfdən vuruşan və bir ay əvvəl dəfn olunan kəndin başqa bir gəncin məzarı ilə yanbayan düşdü. Qoşa məzarlar arasında qalan insanlar sanki bir-birindən utanaraq başlarını yerə dikmişdilər.
Nəinki yas yerində, hətta ailəsində belə Seymurun həlak olduğu döyüşdə doğma qardaşı Teymurun Rusiya tərəfdən vuruşduğunu bilən olmadı. HeçTeymur də bu barədə danışmağa ürək eləmədi, hətta doğma anasına da boyun almadı. Ürəyində çəkdikləri isə özünə bəs edirdi. Başından kontuziya, bədənindəki qəlpə yaraları onsuz da ona olmazın əzab verirdi. Üstəlik də qardaşının ölümü və onun yetim qalan iki uşağının dərdi. Ən vacibi isə bir qərara gələ bilmirdi. Xəstə, ailəsiz biri kimi qəribliyin acılığını son nəfəsə kimi dadmaq, yoxsa Vətəndə qalıb nə qədər əziyyətli olsa da haqqına sahib çıxmaq?
...Və bir gün Teymur qərarını qətiləşdirdi.
27-28-29.09.2024.