Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəm şəcərəsi)

Məf'Ulün məf'Ulün məf'Ulün fA
Can aldın Sən hər aşiqdən, Leyla,
Əl çəkməz dilbər aşiqdən, Leyla.
Şükr etsin qəlbin, tapmış sərvət, var,
Yar olmaz zərgər aşiqdən, Leyla.
+++
Sağlam candan çıxmaz qüvvət, dünya,
Ləl, gövhərdən olmaz sərvət, dünya.
Çox zəhmət çəkdin, çırpındın, insan,
Zillət çəksən, vermir qiymət dünya.
+++
Qardaş dərdindən çəkmiş qəm Zəhra,
Tökmüş gözdən qan yaş, zəmzəm Zəhra.
Cənnətdən nur almış, azmaz, şeytan,
Tapmış Allahtək bir həmdəm Zəhra.
+++
Sən xəlq etdin, olsun aləm, Mövla,
İnsan göndərdin, dolsun aləm, Mövla.
Aldım rəhmindən güc, oldum məftun,
Neyçün tapşırdın solsun aləm, Mövla?
+++
Çox Məcnunlar keçmiş səndən, Səhra,
Bülbüllər uçmuş gülşəndən, Səhra.
Qumlar tökdün, nurum getsin gözdən,
Aşiqlər gizlənməz çəndən, Səhra.