Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəm şəcərəsi)

Ədəbiyyat 09:25 / 26.03.2025 Baxış sayı: 1086

 

Məf'Ulün məf'Ulün məf'Ulü fə'əl

+++

Bir gün sən gəlsən, yar, könlüm də dinər,

Tərpətsən, Ay göydən ulduzla enər.

Hicrandan çox yanmış Həvva nənəmiz,

Peykan atsan, Yer, ətrafında dönər.

+++

Hər qəmdən, möhnətdən sönməz ürəyim,

Yandırsan, eşqindən dönməz ürəyim.

Bir sevda gizlənmiş qəlbimdə mənim,

Lal durmuş, dindirsən, dinməz ürəyim.

+++

Bir məktub göndərdim gəlsin sənə, yar,

Baxmırsan sən hərdən neyçün mənə, yar?

Bülbül fəryad eylər, güllər saralar,

Sahibdir, qan tökmüş xar gülşənə, yar.

+++

Karvansız yollar var, tozdan boğular,

Misram bir hikmətdən, sözdən doğular.

Əl çəksəm dünyadən, qəflət yetişər,

Xülyadən ayrılsam fikrim dağılar.

+++

Aldım bir gün Səndən qismət, Yaradan,

Aşiqdən gizlətdin vüslət, Yaradan.

Cənnətdən pay verdin Zəhrayə Özün,

Göndərdin göydən min rəhmət, Yaradan.