Ayaz Arabaçı : - Gətirməz

Ədəbiyyat 21:16 / 25.03.2025 Baxış sayı: 662

 

 

 

Mənim tərəzimdə oynama bala,

Əlin gətirsə də, daşın gətirməz.

Yüz il də oxusan, mən bilənlərin,

Üçcə faizini başın gətirməz.

 

Fitlənib düşübsən şər meydanına,

Gərək heç girməzdin nər meydanına,

Ər əgər, ərdisə, ər meydanına,

Yığıb qəhbələrdən qoşun gətirməz.

 

Vuraram, salaram qarğı atından,

Silərəm dünyanı xatiratından,

Elə söz deyərəm yeddi qatından,

Keçər ildırımtək, xoşun gətirməz..

 

Sanma bu aləmi zəki görürsən,

Sonu boz divardı, nə ki, görürsən,

Nə olsun hər şeyi iki görürsən,

Bəxti hər deyəndə çaşın, gətirməz.

 

Altdan bir mala vur,üstdən bir mala,

Yeri pivəni iç, duzunu yala,

Bu söhbət çox ağır söhbətdi, bala,

Ağlın irdələməz, yaşın gətirməz..

 

Sənə dil verənin batar ey, adı,

Ömür üç kömürlü batareyadı.

Çox da ki, bu dünya lotoreyadı,

Hər bilet ev udmaz,maşın gətirməz..