İSMAYIL MƏRCANLI İMANZADƏ : - ALDATMA ÖZÜNÜ, BU SEVGİ DEYİL...

Ötəri istəyin üstə azca əs,
Əgər bu sevgiysə, közü hanı bəs?
İsitməz ürəyi hər yersiz həvəs -
Aldatma özünü, bu sevgi deyil.
Bulanıq su kimi durulmaz axsa,
Bir çiçək bitirməz min il də yağsa.
Ruhunda bir leysan havası yoxsa -
Aldatma özünü, bu sevgi deyil.
Küləksə, hər səmtə əsən de, ona,
Ömürdən günləri kəsən de, ona.
Sevgidən başqa nə desən de, ona -
Aldatma özünü, bu sevgi deyil.
Gözləmə, gümanın axırı olmur,
Həsrətin yüngülü, ağırı olmur.
Belə sevdaların axırı olmur -
Aldatma özünü, bu sevgi deyil.