Qəşəm İsabəyli : - DİLSİZ-AĞIZSIZ GƏLİN QAYNANASINI NECƏ RAM ELƏDİ

(hekayə)
1.
Ali məktəbi bitirsəm də, ərə getmək haqqında heç fikirləşmirdim də. İlan vuran ala çatıdan qorxan kimi, gəlin köçəndən sonra bibim qızını yola verməyən qaynanasının anti-demokratik hərəkətləri gözümü qorxutmuşdu. Allaha yalvarırdım ki, bəxtimi açmasın! Amma... qurbanolduğum yalvarışlarıma da baxmamışdı, bəxtimi də açmışdı, elçi də elçi dalıyca gəlirdi. Mən də acığa düşüb, hərəsinin, bir bəhanəylə ağzını boza verirdim. Gah deyirdim, oğlan xoşuma gəlmir, gah deyirdim, qaynanalı yerə getmərəm, gah vəzifəsi balacadı, gah da – “kəsəsi ərə getmək istəmirəm!”.
Bəlkə də bütün bu bəhanələr sərbəstliyimdən irəli gəlirdi. Axı ingilis dili kursu aparırdım, yaxşı da məvacib alırdım, geyim-kecim sarıdan ata-anamdan da asılılığım yox idi. Necə deyərlər, əlim pulla oynayırdı, ürəyim bütöv idi. Düzdü, anam hərdən deyirdi, bala, bəxtin də bir oyaq dövrü olur, qollarını açdısa, at özünü qoynuna, sonrakı peşmançılıq fayda verməz. Gülməyə salırdım. Axı gözəlliyimdən arxayın idim. Kimə isti baxsaydım, bilirdim ki, ayaqyalın, başaçıq dalımca qaçasıdı. Demə, çox bilən quş dimdi-yindən tora düşərmiş.
2.
Tədris ilinin ikinci yarısı apardığım ingilis dili kursuna Bakının müxtəlif iarələrindən xeyli cavan gəlmişdi. Ay yarım sonra çalışqan oğlanlardan biri qəflətən yoxa çıxdı. Direktor məni çağırdı ki, filan filankəs niyə kursa gəlmir? Dedim, elə bir anlaşılmazlıq olmayıb aramızda. Kursa gəlməməyi mənimçün də qaranlıqdı!
İstirahət günlərinin birində evdə oturmuşdum, anam da həyətdə iş görürdü. Birdən darvazamız bərk-bərk döyüldü. Başımı qaldırıb pəncərədən eşiyə baxdım. Anam çöl qapını açan kimi bir qadınla yeniyetmə bir qız girdi içəri:
–Bacı, Gülər müəllimə burada yaşayır?
–Burada yaşamağına burada yaşayır, amma evdə uşaq hazırlamır.
–Bilirsiniz, mənim oğlum Nazim ingilis dili kursuna gedirdi...
–Necəəə?! – Pəncərədən başımı çıxardıb, az qala çığırdım. – Ana, qoy gəlsinlər içəri! Haçandı həmin gənci axtarıram. Onun taxsırı ucundan direktor məvacibimi də vermir.
Qonaqlar otağa girib, yığışıb oturdular stolun ətrafında. Qadın gözünü zilləyib gözümə, çəkinə-çəkinə dedi:
–Bala, bizi yaman çətinə salmısan!
Gzlərim bərələ qaldı:
–Məəənn?! Nə münasibətlə?!
–Oğlumun bir könüldən min könülə vurulub sənə.
–Bunun kursa nə dəxli?! – Soruşdum.
–Oğlum deyir, ana, qızı görən kimi bəyəndim. Odur ki, özündən xəbərsiz dalıyca getdim, izlədim, lap qulağa durdum, Gülər müəllimə haqqında yalnız yaxşı sözlər eşitdim. Ona görə də qorxdum ki, kursa getsəm, özümü saxlaya bilmərəm, istəyimdən biri xəbər tutar, sözümü yayar, müəllimənin adına kölgə düşər.
–Xala, hələ bu sözləri saxlayın, – gedin, – oğlunuza deyin, sabah məktəbə gəlsin!
3.
Ürəyimdə qəribə hisslər baş qaldırdırmışdı deyə səhərəcən narahat yatdım. Oğlan ucaboy, çatmaqaş, yarlı-yaraşıqlı olmaqla yanaşı, həm də gözəl idi.
Səhər tezdən evdən çıxanda anam dalımca su atdı.
–Ay ana, əsgərliyə getmirəm, ey, kursa gedirəm!
–Ay bala, yolun açıq olsun! Yaxşı oğlandısa, ana qurban, daşı tök ətəyindən.
Məktəbə çatan kimi keçib stolun dalında dik oturdum. Elə bil hakim idim – gözümü zillədim qapıya. Bir də görüm budur, oğlan suyu süzülə-süzülə gəlir. İçəri girib ehtiyatla salam verdi. Hökmlə dedim:
–Əyləşin!.
Birinci sinif şagirdi kimi keçib oturdu qarşımda, əllərini qoydu stolun üstünə. Gözucu baxdım ki, barmaqları titrəyir. Ürəyimdə gülmək tutsa da məni, sifətimə bir az da ciddilik verdim:
–Kursa niyə gəlmirdiniz?!
–Bilirsiniz?!
–Heç nə bilmirəm!
–Anam yəqin... deyib sizə.
–Hələ bu sözləri saxlayın, imtahanları verin, görək nə alırsınız?!
4.
Kurs başa çatan kimi ailə qurduq.
Gəlin gedəndən sonra gördüm, bunlar bir həsirdi, bir Məmməd Nəsir. Anası hələ də dəmir çarpayıda yatır. Mən də ayda bir ətək pul alırdım. Başladım evi abad eləməyə. Hətta qaynanama mebel də aldım. Gəl ki, arvadın yava xasiyyəti vardı, hər addımda məni sındırmağa çalışırdı. Heç nədən günümü qara eləmişdi, əppəyimi para.
Bir səhər yatmışdım, gördüm yoldaşım səsini atıb başına. Tez sıçrayıb durdum, qaçdım mətbəxə.
–Ay arvad, bu nədi, bu nə maddədi?! – Sarı paket idi, çaynikə atanda yoldaşım görübmüş. Demə dua yazdırıb, cadu eləyibmiş mənə.
Ağzım açılmadı – dişimin dibindən çıxanları dedim:
–Ay arvad, məndən nə istəyirsən?! 22 min dollar cehiz gətirdim, gördüm dəmir çarpayı kürəyini yara eləyib, ürəyim dözmədi, cibimin puluyla taxt aldım sənə, sür-sümüyünü yıxasan üstünə! Pal-paltarını stulun üstünə qoyurdun, gedib bir ətək pul verib, şifoner aldım, gənə də ağzın əyri qaldı məndən. Ağır xəstələndin, mən bu evə gəlin gəlməsəydim, indi sümüklərin Qurd qapısı qəbiristanlığında çürüyürdü. Evdə pul tapılmırdı səni əməliyyat etdirməyə. Cibimin puluyla Əzrailın əlindən satın aldım taxta canını. Ayağın yer tutan kimi gənə də başladın məni buynuzlamağa. İndi də dua-bitik yazdırıb, mənə ziyan yetirmək istəyirsən ki, ölüm, cehizlərimi verəsən qızına!
Yoldaşım acıqlandı, keçib getdim otağıma.
5.
Bir gün işdən qayıdıb, qapını açıb içəri girəndə elə bildim paltarını soyunmuş uşaqdı evimiz – nə divarda gəbə, nə yerdə xalça-palaz... Qaynanam da əli qoynunda oturub divanda.
–Bu nədi, ay xala?! Oğru girib evimizə, nədi?!
–Ay bala, istədim sən gəlincə yır-yığış eləyim, hünərimi göstərim. Gəbəni divardan saldım, xalça-palazı da yerdən götürüb bürüb-büküb aparıb qoydum liftin yanına. 15 yaşlı qız kimi döşəməni silib-süpürdüm, divarların tozunu aldım, ev saldım səliqəyə. Getdim ki, xalça-gəbəni gətirim, baxdım ki, Lələ köçüb, yurdu qalıb. Ay dad, ya aman... hansı qonşudan soruşdum, gördüm deyən olmadı. Namərd köpəyuşağı elə bil məni güdürmiş – daşıyıb aparmışdı xalma-palazı.
–Nə danışırsan, ay xala, günün günorta çağı da oğurluq olar?!
–Qızım, oğurluq elə günün günorta çağı olur da, qonum-qonşu şübhələnməsin!
–Atam bu xalça-gəbəyə 7 min beşyüz manat verib Sədərəkdən almışdı. Özü də Təbriz malıydı. Mən heç nə bilmirəm, necə oğurlatmısınız, elə də alıb qoyun yerinə.
–Bizim pulumuz var, ay bala, gənə də atana de, gör neyləyir.
Axır ki, atama zəng elədim, gedib 2500 dollar verib xalça-palaz alıb gətirdi bizə. Bir vaxtdan sonra gördüm qaynanam yerə-divara baxıb, dodağını büzüb, çiynini atır.
–Nə olub, ay xala?!
–Nə olacaq, köhnələr bunlardan yaxşıydı!
6.
Oğurluqdan 5 ay sonra yoldaşımın əmisi qızı bizə gəlmişdi:
–Gülərl, – dedi, – sənə bir söz desəm, heç kimə deməzsən ki?!
–O nə sözdü, ay qız, əlbəttə demərəm.
–Bilirsən xalçaların hardadı indi?!
–Oğru tapılıb?! – Sevincək oldum.
–Oğurlanmışdı bəyəm?!
–Qaynanam elə deyirdi.
–Xalçalar qaynananın bacısı uşaqlarının evindədi.
–Aman Allah, bu qız nə danışır?!
–Amanın günüdü, bilməsinlər, ha!
–O necə gedib çıxıb ora?!
–Necəsi yoxdu ki, arvad səliqə-sahmanla xalçanı-gəbəni bürüb-büküb yığıb eşiyə, zəng eləyib bacısı oğlanlarına ki, gəlin bunları aparın!
–Necəəə? – Heyrətə gəldim.
–Məbadə heç kim bilməsin, ha, Gülər!
Dodaqlarımı büzüb, başımı yellədim:
–Qurban olsunlar sənə!
7.
Novruz bayramı qabağı bibim qızı bizə gəlmişdi.
–Bacı, küpəgirən qarı gənə də səni incidir? – Deməyimi gördüm, bayaq o boyda gəlin dəli kimi başladı gülməyə.
–Bismillah! Buna cin yoluxdu, nədi?! – Kəsmək biləcəkdi bəyəm?! – Ay qız, sən-dən söz soruşuram!
Handan-hana sakit olub, dəsmalını çıxardıb, yanağı boyu axan göz yaşlarını sildi.
–Nə oldu sənə birdən-birə?
–Bacı, – dedi, – qaynanamın heç ağlı başında olur ki, mənə də dəyib-dolaşa?!
–Necə yəni?!
–Dəli eləmişəm.
–Gözünün odunu almısan?!
–Bacı, bir dəfə acıq eləyib atamgilə getmişdim. Gördüm evdə qonaq var. Baxdım ki, atamın dosttudu. Girib xoş gəldin elədim. Məni qanı qara görüb, məsələdən xəbər tu-tan kimi, o da başladı gülməyə. Atam dedi:
–Ay Həsən, nə oldu sənə, niyə gülürsən?
–Nə verirsən qaynananın dilini-ağzını bağlayım, bala?!
–Boğaza yığılmışıq, nə desən verəcəm! – Mənim əvəziməatam dilləndi.
–Bir dənə “Göy Göl” konyakı alırsan.
–Evdə varımdı, onu versəm sənə, iş düzəlir?
–Mənə yox, Gülərə.
–Başın xarab olub-nədi, Həsən?! – Atam hirsindən qıpqırmızı qızardı.
–Qızışma, sözümü eşit. Gülər balam evinə qayıdan kimi yaxşı çay dəmləyir, bir çay qaşığı da konyakdan tökür arvadın stəkanına. Yəqin qızılgül yağınız da olar?! – Razılıqla başımı tərpətdim. – Bir çay qaşığı da qızılgül yağı əlavə edir bu nemətin üstünə. Qoca arvaddı, beyni büzüşüb quş başı boyda qalıb indi. Bir stəkan içəndən sonra kəlləsini atıb yatmasa, sənə bir qonalğa məndə...
–Elədin, bacı?!
–Elədin də sözdü?! Allahıma qurban olum, 2 aydı gözü yuxudan açılmır.
–Bəs yoldaşın nə deyir?!
–Bilmir ki! Hərdən soruşur, bu arvada nə olub, elə bil yuxu azarına tutulub. Deyi-rəm, qoca arvaddı, qoy istirahət eləsin.
–Mən də sən deyən kimi eləyə bilərəm, bacı?!
–Qulağının dinc olmasını istəyirsən?!
–Əlbəttə!
08-14.03.2025