Sevinc Qərib :...bəlkə də darıxmışam...

Ədəbiyyat 09:47 / 26.03.2025 Baxış sayı: 1248

...bəlkə də darıxmışam...

Qulaqlarım səsinsizlikdən

ağrılara hay verir,

kədər adlı boz rəngə

boyanıb ruhum-özüm.

Gözlərimin bəzəyi

kipriyimə güc gələn

bir buludun əlləri..,

sığal yeri göynəyir

saçlarımın dənində

ağrım kor çiban kimi

görünmür ki, özəyi...

Sınıq körpü üstündə

sərgərdan yolçu kimi

zamanla döyüşürəm...

Nə sənə gələn yol var,

nə geri dönmək istəyi.

Nə də küləklər əsmir

qoşulam yelə gələm,

quşlar da qanad çalmır

sənə məktub göndərəm.

Həsrətin gedənə oxşamır,

sənsizliyim bitənə.

Gündüzüm gecə dadır

gecəm bir ayrı zülüm,

ruhum yiyəlik etmir

bu kimsəsiz bədənə.

Uzaqlaşır içimdən

işıq düşən kölgələr

yenə döyür qapımı

qaranlıq adlı "ölüm"...

Bu yöndəmsiz əqrəblər

ağalıq edir vaxta,

hey baxıram saata

dayanıb eyni vaxtda.

Sıxıram kipriyimi

"ölümü" aldadıram,

xəyal geyir gözlərim

kölgəyə aldanıram...

Gözümdən atılıram

bir dənizin ovcuna,

dalğalar qollarıntək

sıxır məni özünə...

Ayılıb görürəm ki,

yastığım qayıq kimi

üzür göz yaşlarımda,

boğazımda düyünlü

qəhərdi məni sıxan...

Yavaş-yavaş pəncərəm

soyunur qaranlığı,

dan sərilir küçəmə.

Ayaqlanır hisslərim

üzü səhərə sarı,

darıxmaq libasında

sükutum boynubükük...

Belə vida edirəm

sənsiz keçən gecəmə...