Əbülfət MƏDƏTOĞLU : - Şəhid anasının son arzusu

Başını söykəyib gecənin üstə,
Səhərin ilməsin çözür bir ana...
Ömründən ağrılı keçənin üstə
Gözündən damanı düzür bir ana...
Nisgil göyəribdi qırışlarında,
Dilinin ucunda “Şəhid” bitibdi...
Yurdun döyüş gedən qarışlarında –
Qəlpə yarışında gülüş itibdi...
Saçının sol üzün sığallı tutub,
Amma sağ üzünü ahla hörübdü...
Çoxdan yuxuların sayın unudub, -
Oğlunu Şuşadan dönən görübdü...
Bayrağa bükdüyü şəkillə onun
Söhbəti uzanır həmin anacan...
Oğul göstərərək Zəfərin yolun –
Deyir: Biz qalibik, şükr et, anacan!
Bayrağa bükdüyü şəkillə söhbət
Uzanır “Qırx dörd gün əfsanəsi”tək...
O, möhlət istəyir Allahdan, möhlət –
Bayraq Zəngəzurda ucalsın, görək!..