Əbülfət Mədətoğlu : - Bahar ətirli İSTƏK

Ədəbiyyat 08:00 / 22.03.2025 Baxış sayı: 951

 

Qışla yazın sərhəddinə yağan qar

Bir az dünən, biraz sabah havası...

Bu təzada küsgün- incik baxanlar ,

Qarşıdadı gül, çiçəyin səfası...

 

İlmələri, naxışları fərqlidi

Ötüb gedən günün, ayın və ilin...

Yaşananlar bəzən, hətta şərtidi -

Həyat qəfil çala bilir təbilin!..

 

Hər kəs üçün bir cür vurur bax nəbiz

Eyni ritmin yorucudu sədası...

Dəyişəsi deyil fəsil, nə də biz -

Kainatın sahibi var, qadası!

 

Üzümüzə gülümsəsin bu sabah

İçimizi, biz də çırpaq həvəslə

Qəlbimizdə Sevgi, Ümid və Allah -

Ömrə davam!- deyək yeni nəfəslə!..