Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəb şəcərəsi)

Ədəbiyyat 08:31 / 24.03.2025 Baxış sayı: 817

 

Məf'Ulü məfA'ilün məfA'İlün fə'

+++

Onsuz bu ürək döyünməyir çoxdandır,

Eşqiylə gülüb öyünməyir çoxdandır.

Rəftarı soyuqdu yarımın, hissizdir,

Sevda donunu geyinməyir çoxdandır.

+++

Görmür Yaradan, könül, sənin dərdin var?

Sevdayə düşən haçan olub bəxtiyar?

Aşiq düşünür, ziyan gələr canandan,

Ey badi-səba, vüsal gətir, gülsün yar.

+++

Gördüm qurumur, güc aldım ümmandan,

Bir xəstə gedib tapar şəfa loğmandan.

Qəlbimdə dərin bir iz salıb hicranım,

Qoymur daha yar, gedim baxım ünvandan.

+++

Möhnət çəkirəm, nədən gəlib-getmir yar,

Xasiyyəti pisdi çox və tərgitmir yar.

Əğyarə gedir, haçan sevib bilmir heç,

Sınmış bu könül, görəndə şad etmir yar.

+++

Ey dil, sənə yar olar vəfasız yardan?

Gəl, fikrini sorma heç nəvasız yardan.

Allah elə bir qurub-tikən me'mardır,

Bir çöp də əsirgəməz "yuvasız" yardan.