Lilpar Cəmşidqızı : - Göyçədən. (Qəzəl)

Gündəm 09:27 / 19.01.2025 Baxış sayı: 566

QƏZƏL

(Bütün Göyçəli dostlarıma hədiyyə)

Gözün görübdür, ey könül, gedəndə yarı Göyçədən?

Tufan qopanda sel gəlib, apardı varı Göyçədən.

 

Gül açmayan budaqların, yanında bülbül ağlayar,

Küsübdü yurda gəlməyir, gedib baharı Göyçədən.

 

Oğul, qızıyla bəxtəvər nə qədri günlərin görüb,

Ağac dibində dincələn, dərib nübarı Göyçədən.

 

Əsən külək, xəbər gətir, məzarı var Ələsgərin?

O eldə ruhu dözməyib, köçüb diyarı Göyçədən.

 

Kədərli, qəmli günlərin bitəydi ömrü, ey fələk,

Xudaya, gəl, götür apar o ahu-zarı Göyçədən.

 

Dolanda könlü dağların, başında çən-duman gəzər,

Tapardı xəstə, can verən gedəndə qarı Göyçədən.

 

Ömür yolunda ləngiyən, nədənsə bəxtəvər deyil,

Bu Lilparın görən haçan keçər güzarı Göyçədən?