İSMAYIL MƏRCANLI İMANZADƏ : - İLLƏR ELƏ GƏLİB, ELƏ KEÇİR Kİ...
ADİL CƏMİL-70
Tanınmış alim, ünlü şair Adil Cəmillə 1978-ci ilin noyabr ayında, özü də metroda tanış olmuşam. Həmin il “Yazıçı” nəşriyyatı tərəfindən çap olunan “Çinar pöhrələri” adlı almanaxda digər yazarlarla bərabər Adil Cəmilin və mənim də şeirlərimiz var idi, özü də foto-şəkillərimizlə bir yerdə. Elə bu şəkillərimizə görə də bir-birimizi əlüstü tanıdıq. Bu anidən olan tanışlıq sonradan dostluğa çevrildi.
Adil müəllim 1978-ci ildə mənim “Yazıçı” nəşriyyatında nəşr olunan (sayca üçüncü) “Əllərimin işığı” adlı kitabımın redaktoru olub. Həmin ilin payızında ata ocağım Böyük Mərcanlıya Rüstəm Behrudiylə birlikdə qonaq gəlib. Cəbryıl şəhərində və yaşadığım kənddə onların oxucularla görüşünü təşkil etmişəm. Köçkünlüklə üzləşəndə ən ilıq kəlmələri ilk dəfə ondan eşidib təsəlli tapmışam. 1995-ci ildə işıq üzü görən “Ömrümün bar çiçəyi” adlı şeirlər kitabıma ön söz yazıb. Köçkünlük illərində ADPU-da təhsil alan qızımın üzləşdiyi bir problemin həllində məndən dəstəyini əsirgəməyib. AYB Mingəçevir bölməsinin ayrı-ayrı illərdə Natəvan Klubunda keçirilən tədbirlərində iştirakı və çıxışlarıyla mənə və bölmədə təmsil olunan yazarlarımıza unudulmaz anlar bəxş edib. 2021-ci ilin may ayında İkinci Qarabağ Müharibəsində şəhid olan eloğlularımdan bəhs edən və Tariyel Abbaslıyla həmmüəllifi olduğum “Zəfər yolunda” adlı kitabın nəşrə hazırlandığı 4 gün ərzində “Azərbaycan” nəşriyyatının yeməkxanasında 3 dəfə məni nahara dəvət edib və hər dəfə qabağa düşüb hesabı verməklə heç birində də əlimi cibimə salmağa qoymayıb...
Bəzi adamlardan fərqli olaraq, hər tanış olduğum şəxsə “dostumdur” deyib qürrələnməsəm də, Adil Cəmillə 46 illik dostluğumla ilgili həmişə qürur hissi keçirmişəm. 2019-cu il noyabr ayının 6-da şəhər rəhbərliyinin xeyir-duası və rəhbərlik etdyiyim AYB Mingəçevir bölməsinin xəttiylə Adil müəllimin anadan olmasının 65 illik yubileyi münasibətiylə Mingəçevir Dövlət Dram Teatrında keçirdiyimiz yubiley şənliyi ömrümün ən əlamətdar hadisələrindən biri kimi yaddaşımda həkk olunub. Aparıcısı olduğum o möhtəşəm yubiley tədbirində istəkli-əziz alim-şair dostuma xitabən dediyim aşağıdakı şeir parçasıyla xeyir-dua vermiş, ona cansağlığı, uğurlar arzulamışdım:
Bir həzin nəğmədir Araz da, Kür də
Heç vaxt ələ düşməz bu çağlar bir də.
A dostlar, bu axşam Mingəçevirdə
Nə çəmənə, nə də bağa gəlmişik.
Bitib tükənməzdir sevgisi elin,
Səsi-sorağı var hər ötən ilin.
Şairlər-şairi Adil Cəmilin
Sənətindən söz açmağa gəlmişik -
Misra-misra saflaşmağa gəlmişik...
Bu gün axşam üstü Adil müəllimə zəng edib, əgər istəsə 70 illik yubileyini Mingəçevirdə də keçirməyə hazır olduğumu bildirdim. AYB-nin Natəvan Klubunda 70 illik yubileyiylə ilgili tədbirdən evə qayıtdığını, yolun uzaqlığına görə mənə əziyyət verib bu tədbirə çağırmaq istəmədiyini söylədi. Ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb, illər öncəsi Mingəçevirdəki 9 saylı orta məktəbin məzunu olan dostuma: “İstərdim ki Mingəçevirdə də 70 illik yubileyini qeyd eləyək”-dedim...
08.10.2024* 19-11