Haqqın var yaşamağə, Məmməd Araz! - Sona Vəliyeva yazır
Haqqın var, Məmməd araz, haqqın var yaşamağa
Əbədiyaşarlıq hər kəsə qismət olmur. Çox qəribədir, o zirvəyə yüksələnlərin əksəriyyəti sağlığında mənəvi və maddi sıxıntıların imtahanından keçərək bu mərtəbəyə layiq olduqlarını sübut ediblər. Milli məfkurə yaradanlar, onun qorunmasını həyatının mənasına çevirən dahilər ORADAN, İlahidən aldıqlarını ifadə edirlər. Zəhmətə qatlaşmaq, istedadın sevincini və şöhrətini dadmaq, bəzən də ona verilən bu dəyərlərlə yanaşı, canağrısı “dadını” görmək, verilənlə alınanların arasındakı şükürlü olmağın irfani halını yaşamaq dahilərin tale yazısıdır.
İllər öncə reallaşdırmaq istədiyimiz bir layihədə Azərbaycanın Xalq şairi Məmməd Araz yaradıcılığının tədqiqində ən yeni baxışların meydana çıxarılmasını istəmişdik, qismət bu günə imiş. Məncə, layihənin bu gün reallaşmasının özü də təsadüfi deyil. Ən böyük şairlərin yaradıcılığının təhlili və tədqiqi illər keçdikcə “dağa uzaqdan baxıb böyüklüyünü dərk etmək” fikri ilə qoşalaşır. Günlər ayları, aylar illəri bizdən uzaqlaşdırdıqca M.Araz poeziyasının məna yükü, məfkurə dərinliyi daha da aydın görünür. Sağlığında da, dünyasını dəyişdikdən sonra da hər sözündə, hər kəlməsində Azərbaycan əzəməti görünən neçə şairimizi saya bilərik? Elə onlardan biri və birincisi kimi göz önündə yenə də misraları sərhəd kimi sıralanan M.Araz dayanır:
Azərbaycan – qayalarda
bitən bir çiçək.
Azərbaycan – çiçəklərin içində
qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək
Azərbaycan dünyasından
baxar dünyaya.
“Kaspi” qəzeti ilə “Kaspi” Təhsil Şirkətinin elan etdiyi 6 ay davam edən “Məmməd Araz müsabiqəsi”nə təqdim olunan yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkünsüzdür. Tanınmış və ya ilk dəfə imzasını tanıdığım şəxslərin yazılarını diqqətlə və heyranlıqla oxuyuram. İnsafən desək, heç vaxt tədqiqatlarına rast gəlmədiyim imzaların orijinallığı, məna dərinliyinə görə seçilən yazılar məni daha çox kövrəldir. Astara rayon Şiyəkəran kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Mehman Qaraxanoğlu “Ev tapşırığını başqa xətlə yazanlar” essesində vurğulayır:
“Ustad şagird dəftəri vərəqinə yazılmış şeiri alıb:
– Bu ki sənin xəttin deyil! – dedi.
– “Ev tapşırıqları”nı başqa xətlə yazıram, Ustad, – dedi.
– Niyə məhz “ev tapşırıqları”nı?
– “Tapşırıq” olduqlarına görə!”
Məncə, bir irfan şair haqqında deyilmiş gözəl ifadədir.
İstedadını məslək bilən M.Araz vəzifəsini, Vətən dərd və zülmlərini könül dəyirmanında əridə-əridə bu dərdi ürəyinə əbədi sakin etdi, günün birində bu sarsıntılardan xəstəliyə ürcah olan ürəyinə sözü keçmədi. Dağlar kimi əzəmətli və vüqarlı görünən şair sağlamlığını itirdi. Bu taleyi Tanrıdan gələn töhfə kimi qəbul etdi:
Ağır bir sənətə könül bağladım,
Bəxtimə dərdin də ağırı düşdü.
Bitib-tükənməyən mövzuların təhlilinin ünvanı çox geniş – Azərbaycan böyüklükdə, dünya genişliyi qədər görünür. Azərbaycanın güneyindən, quzeyindən, doğu və batı bölgələrindən ardı-arası kəsilməyən yazılar böyük şairə məhəbbət və ehtiramın təzahürü kimi “Kaspi” redaksiyasına axdı. İndiyəcən şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq deyilməmiş orijinal fikirlər toplusu Məmməd Araz poeziyasının dərya kimi dərinliyini və tükənməzliyini sübut etdi. Hər yeni fikirdəki təhlil və tədqiqat obyektə fərqli rakursdan baxışlar demək idi. “Məmməd Arazın söz palitrası” – sənətşünas Ziyadxan Əliyevin çox orijinal münasibəti müsabiqəyə təqdim olunan mövzuların içindən diqqətimi çəkdi: “...şair millətin acılı-şirinli taleyinə rəngarəng söz palitrası ilə bənzərsiz görkəm verməsinin qarşılığında heç də Ələddinin sehrli çırağının iddiasında deyil. Kimlərəsə adı bəzən arxaik görünən sözlərdən poeziya möcüzəsi yaradan M.Araz Vətənin ona “oğul” deməsinə ümid edərək onun qayasında yamyaşıl mamır olmağa hazırdır.
Heç şübhəsiz, təbiətdə insanı heyrətləndirən, görkəmindən və rayihəsindən bihuş ola biləcəyimiz saysız-hesabsız gözəllik qaynağının olması qarşılığında şairin özünü çoxlarına gərəksiz görünə biləcək bu bitkiyə bənzətməsi qəribə görünə bilər. Bu sözün poeziyaya gətirilməsi, bəlkə də, qəribə görünəndir, amma çox yeni və təravətlidir. Özünü bu qədər “dəyərsizləşdirən” şairin sadəliyindəki bu səmimilik də, əslində, dahiyanə və M.Araz sayağıdır”.
Hər yeni tədqiqat mövzusu müsabiqənin əhəmiyyətini artıraraq M.Araz yaradıcılığının Azərbaycanın özü qədər dərin, zəngin qatları olduğunu ortaya qoydu. İllər öncə “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirinin təhlilinə hərə öz dünyagörüşü, şəxsi xarakter və həyata münasibətindən yanaşdığı halda, bu gün bu şeirə elə mənim də qəlbimdə zamanın yaşantıları baxımından fərqli münasibət yaratdı:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər, əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
İnsan gəlimli-gedimli dünyanın qonağıdır. Bir insan doğulur, biri ölür. Tanrının həyatın davamına ədalətli münasibəti budur. Aparan, gətirən, ötürən, yola salan, qarşılayan, itirən, əbədiyaşar edən zamandır. Zamanı tarixə çevirən isə İNSANDIR, İNSAN.
İnsan yaradan, quran, həyatı gözəlləşdirən zəkalı varlıqdır.
Ömür-gün naxışına “həvə” olan dünyanın sakini də insan oğlunun özüdür. Həvə xalı-xalça toxunan zaman işlədilən alətdir, diş-diş ucları ilə xalçada “əriş” deyilən arxa fon pambıq sapın üstünə otuzdurulur, naxış bərkiyərək forma alır. Zəif vurulsa, ilmə boş olar, bərk zərbəylə vurulsa, “arğac” doğranar. Həyatın harmoniyasını pozmadan, aşırılığa yol vermədən yaşamaq ölçüsü – “həvədən” düzgün istifadə edərək ömür-günü vaxtsız doğramamaq tövsiyəsini M.Arazdan başqa heç kim bu sayaq tövsiyə edə bilməzdi. Bir də ki evində hana, xalça və həvəni uşaqlığından görən, onu həyatiləşdirən, dünyanın hərəkət sürətini həvə alətiylə ustalıqla uzlaşdıran şairin fəlsəfəsi indiyədək poetik fikirdə rast gəlinməyən məqamlardır. Xalq dilinin, həyatının təravəti M.Araz poeziyasında dünyanın Şərq və Qərb poeziyasına tanışlığından sonra belə bütün münasibətlərin fövqündə xalq poeziyasına qayıdışın üzərində dayanır. Anasından eşitdiyi bayatıların axıcılığı, ritmi onun poeziyasına təsir elədi. Özü də bilmədən Azərbaycanı evindən, kənd-kəsəyindən başlayaraq qarış-qarış kəşf etdi. Azərbaycan kədəri, dərdi-səri, ehtiyac və gözəlliyi onun yaradıcılığında mövzu oldu.
Keçirdiyimiz müsabiqəyə Gürcüstanda yaşayan Mirzə Məmmədoğlu Azərbaycan və Gürcüstan Yazıçılar Birliyinin üzvü Zezva ilə müsahibəsində şairin M.Arazla dostluq münasibətlərini, onun yaradıcılığına dərindən bələd olduğunu oxuculara çatdırıb: “...Onun əldə etdiyim, dönə-dönə oxuyaraq içimdə köklənən, qəlbimə yatan şeirlərini Azərbaycan musiqisi altında çevirməyə başladım, necə deyərlər, birnəfəsə tərcümə etdim. 1984-cü ildə İsa İsmayılzadənin çalışdığı “Sovet Gürcüstanı” qəzetində çap olundu, dostluğumuz elə bu vaxtlardan başladı”, – deyə səmimi fikirlərlə M.Arazla ehtiramlı dost münasibətini dilə gətirir.
Müsabiqənin şərtlərinə görə, təqdim edilən yazılar yeni olmaqla bərabər, heç yerdə dərc olunmamalı, məxsusi olaraq “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə göndərilməli idi.
Məqsəd M.Araz haqqında dərc olunmamış yeni araşdırmaları, xatirələri, orijinal məlumatları toplamaq və onları Azərbaycan oxucularına bütöv bir kitab halında çatdırmaq idi. “Araz” nəşriyyatının direktoru Əlirza Sayılovun “Şair Murova gedir” sərlövhəli yazısında M.Arazın 1993-cü ilin soyuq, qarlı-çovğunlu noyabr günlərində Murovdağa döyüşçülərlə görüşə getməsinin şahidi oluruq. Səhhəti yol verməsə də, yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyarət etməsi, Gəncə hospitalında yaralı əsgərlərə baş çəkməsi M.Arazla bağlı dəyərli məqamlardır.
Müsabiqə yeni fikir, məlumat və fərqli düşüncələrin sərgisinə çevrildi.
Elçin Məmmədli “Nişançı özümüz, hədəf özümüz” yazısında şairin yaradıcılığının fəlsəfi qatını açmağa çalışır: “Füzuli bizdən nə qədər uzaqlaşırsa, onu bir o qədər damla-damla da olsa, öyrənirik. Məmməd Araz da belədir. Bu böyük istedad sahibi olan şairi zaman bizdən nə qədər çox ayırırsa, o qədər də onun böyüklüyünü, dahiliyini duyuruq”.
Dünya, onun yaranışı, insan, Vətən, zaman, tarix, millət və yenə insana qayıdış, bu mövzuların dərinliyi M.Arazın yaradıcılığında poetikləşir:
... Olsa da haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə,
Mən belə dünyanın nəyindən küsüm?
Həm də haqq-ədalət tərəzisinin düzgün işləmədiyi anlarda “Nahaq haqqı əritsə, mənəm əriyən” deyərək minlər, milyonlar üçün ömrünü şam edib əridir, narahatlığını bildirir.
Publisist Akif Əlinin “Ağır daşlar altında” (patetik fantaziya) M.Arazla ruhi söhbət də sırf müsabiqə üçün yazılmış mövzudur: “...Müdrik peyğəmbərtək cahillərə doğru yolu tanıtmaq üçün tənha hücrələrdə qayalardan Söz çapan bu göylər adamının hərdən mənə qarşı da xəfif lütfünü görüncə çox duyğulanar, qürurlanar, ona daha da isinişərdim. Belədə ən doğma adamlar kimi biz də hərdən ancaq bir-birimizə baxmaqla danışardıq...” – fikri məni çox təsirləndirir.
Əmin ola bilərsiniz, Akif müəllim, M.Araz sonuncu irfan adamdı ki, baxışlarıyla adamla dərdləşirdi. Elə siz də o bəxtəvərlikdən dadan sonuncu həmsöhbət sayılırsınız...
Akif Əlinin “Ağır daşlar altında” söhbətində Vətəndən, Vətən daşından, Tanrıdan, dünyadan açılan söhbətlərin şəxsi müstəvidə həllində yenə bir vətəndaş-şairin millət və torpağından nigaranlıqları boy verir. Eyni zamanda “Ağır daşlar altında” şairin yaradıcılığının təhlilinə ədəbi tənqidin standart terminlərindən uzaq, tamamilə yeni bir üslubun nümunəsidir.
Aslan Quliyevin “Vəsiyyət” publisistik yazısı da səmimi və orijinal təhlil baxımından çox maraqlıdır. İstedadın ən yüksək zirvəsini gəncliyində fəth edən şairin yaradıcılığının ona gətirəcəyi şöhrətdən qorxanlar çoxaldı. Sadəcə, ondan Böyük Şair olduğu üçün qorxdular.
Əvəzində “Sadə insanlar, oxucuları onu sevirdilər, minlər, milyonlar sevirdi. Azərbaycanımızda şeirlərinin döymədiyi qapı yox idi. Bunca sevginin müqabilində elə o qədər də etinasızlıqla üz-üzəydi:
Ömrün öz tufanı ömrümü didir,
Yox ayrı dərmanım dözümdən özgə.
49 yaşıma əlvida dedim,
Bir kimsə bilmədi özümdən özgə.
Amma etinasızlığın, laqeydliyin gətirdiyi ağır xəstəliyin cəngində olarkən sadə dost və doğmalarının, onu ürəkdən sevən oxucularının diqqəti yenə həyanı oldu. Ə.Kərim yada düşdü:
Sən mənim qədrimi
Biləsən deyə
Bu cavan yaşımda
Ölümmü indi?
Xəstəliyin ən iti “caynaqları” 50 yaşında onu haqladı:
Bəlkə, əlli misrası yox əllimin,
Bu titrəyiş günahıdır əlimin,
Qollarımda dost əli var, əlli min,
Məmməd Araz, əlli yaşda nə günah...
– deyə yenə hər şeydə heç kimi günahkar bilmədi, barışdı. İlahidən gələn dərdlə:
Ağır bir sənətə könül bağladım,
Bəxtimə dərdin də ağırı düşdü...
– dedi.
Şamil Vəliyevin “Poetik düşüncələr ustadı” məqaləsində:
Azərbaycan – mayası nur,
Qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
– ifadələri “Günəş elə Vətənin, Odlar yurdu Azərbaycanın özüdür. Vətənin rəmzi kimi verilən günəş bir ilahi gözəllik olmaqla kainatı işığa qərq edir. Bu da bir qədər əvvəldə izahına çalışdığımız təbiətin estetik sərvət mənbəyi kimi görülməsi ilə bağlıdır” kimi təhlil olunur. “Şeirin ümumi məzmunundan belə bir məna da doğur ki, doğma yurdumuz Azərbaycanın hər bir vətəndaşı onu:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim...
– deyə dahi Füzuli kimi məcnuni bir məhəbbətlə sevməlidir” (Ş.Vəliyev).
İbrahimxəlilin “M.Arazın ortancıl oğlu” yazısında “kodeks” haqqında söhbət açılaraq məsələ “poeziya kodeksi” deyilən müstəviyə keçir.
“Bakı kimi böyük şəhərin basırığında, tünlüyündə, bəlkə də, kodekssiz də yaşaya bilərlər, amma canım-gözüm Bakıdan bu qədər uzaqlarda, Əyriqarın ətəklərinə yaxın son yarpağının nə vaxt düşəcəyini, son oxucusunun nə vaxt köçəcəyini gözləyən Mirzə Qələmə də, mənə də poeziya kodeksi olmadan yaşamaq – təbii ki, böyük hərflə, yəni “Vaqifanə yaşamaq” çətindən də çətin olardı. Çünki dünyanın ucqar deyilən yerində uçqunlarda, uçurumlarda var olmaq, sonacan diri və duru qalmaq həmişə bir xilasetmə dəstəsi istəyir…
Bizim xilasetmə dəstəmiz də şeirdi. “Məmməd Araz kodeksi”nə keçirəm:
…Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi...
– misralarına köklənib bacardığımız qədər yeldöyənə köksümüzü gəririk ki, birdən, Allah eləməsin, bizdən ötən daş Sınıq körpünün o üzündə Vətənə dəyər”.
N.Hacızadənin şairin özü qədər işıqlı xatirələri, onunla keçirdiyi müqəddəs anlar da bizim oxuyub-eşitmədiyimiz yeniliklər idi.
Tahir Aydınoğlunun “Poetik sözün Məmməd Araz möcüzəsi” məqaləsində mövzuya münasibəti maraqlıdır.
Maddi dünya ilə mənəvi aləm arasında aparılan paralellər, tapılan oxşarlıqlar, ifadə olunan bənzərliklər təəssüratı mənzərəyə, duyğunu düşüncəyə çevirmək qüdrətinin məhz M.Araza məxsusluğunu sübut edir.
Dağlar sevgisindən bir ulu ata,
Dağlar ərköyünlər atası deyil...
Hətta ildırımlar – dağlar çiyini,
Dağların qorxusu xatalı deyil.
İgidlər çiynini dağlara söykər,
Şair, qayalara, dağlara söykən.
(“Dağlara söykən”)
M.Arazın sevgi şeirlərinin duyğu, düşüncəsinin məna yükü, səmimi qəmi, kədəri köz-köz yanan ürəyin əriyən yağını selə döndərib insanı bu seldən yaranan kədər gölünə qərq edir.
Bu görüş nə acı qismətmiş bizə,
Elə bil kədər gölünə düşdük.
Salamsız-kalamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.
T.Aydınoğlu aşıq havaları qədər sadə, axıcı, səmimi və yaddaqalan şeirlərinin sirrini onun ürəyinin yağı ilə yazmasında görür:
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, bilmirəm...
və ya:
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
(“Unut məni”)
Fərid Hüseynin “Bir axşamın balladası” – konseptual şeirdə ayrılmaz misralar” məqaləsində bir şeirin heç vaxt bu qədər dərin və məzmunlu təhlilinə, Fəridin özü demişkən, konseptual yanaşmaya indiyəcən rast gəlinməyib. Müsabiqəyə təqdim olunan digər yazılar kimi bu yazıda da mövzuya yeni baxış, yeni münasibət mövcuddur:
İlahi, qəlbimə bir duyğu göndər,
İlahi, yazıqdır məni sevənlər.
“Şeir İlham pərisinə müraciətlə yazılıb, bəzi məqamlarda ayrılan müraciət formaları təbiətə, cəmiyyətə, qeyri-real aləmə və s. dəyişir, amma şeirdə müraciət birdən-birə Tanrıya ünvanlanır”.
Abid Tahirlinin “Sirli, sehrli sətirlər” yazısında M.Arazın şəxsi insani keyfiyyətlərinin gənclərin mənəvi dayağına çevrilməsinin şahidi oluruq. İndi hanı o qəzet, jurnal redaktoru ki, materiallarının sırasını pozub, gənc bir tələbənin dərin məzmunlu məqaləsini tələsik yerləşdirib, yeni bir imzanı oxuculara çatdırsın!
M.Arazın dövrünün heç bir şairinə, yaradıcı insanına bənzəməməsi, təkrarsızlığı, həm istedadın, həm insanlığın ən yüksək mənəvi zirvəsindən görünməsi oxucularına sevinc gətirsə də, bəzi bədxahlara, xəbislərə gözdağı olmuşdu.
Telli Pənahqızının münasibətində “...Axı İnfil kişinin bu sadədil, “qəlbi ipəkdən yumşaq”, qarışqanın belə haqqını tapdamağa ürək eləməyən övladı “kiçiklərin” ehtiras torunun, paxıllıq məngənəsinin “nişangahı” olacağını hardan biləydi?
Sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru...
və ya:
Deyirlər, mənim də düşmənlərim var,
Adımı, imzamı asanlar olur.
Deyirlər, kölgəmi qılınclayanlar,
Deyirlər, rəddimi qazanlar olur.
...Allahın yaratdığı “insancıqlar” qoyarlarmı ki, yer üzünə müqəddəslik toxumu, səfa suyu səpilə?” deyilir.
Şərurda yaşayan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun M.Arazın “Azərbaycan təbiəti” jurnalında işlədiyi vaxtlarda həmin mətbu orqanla əməkdaşlığı, Naxçıvanda 1984-cü ildə M.Arazla poeziyasevərlərin görüş xatirələri, unudulmaz şairə ehtiramı onun yazısından aydın görünür.
Nizami Muradoğlunun “M.Araz poeziyasında dünya obrazı” məqaləsində M.Araz poetik fəlsəfəsində dünyanın gərdişinə dünyanın özü qədər müdrik münasibəti görünür.
M.Araz sanki Adəm babamızın yaşından dünyanın yaranışının, insanla münasibətlərinin qədim sakini kimi “Mənim də yaşım az deyil”, “Belə dünyanın”, “Qoruyun dünyanı”, “Dünya mənim, dünya sənin, dünya heç kimin” deyərək müxtəlif münasibətlərin hər üzünü bizə açıb deyir.
Dolu gödən kürkə sığmaz,
Boş balqabaq börkə sığmaz.
Yəhər qanmaz, təkə sığmaz...
Bu dünyadan nə görmədim!..
Dünya heç kəsin deyil, heç kəs əbədi deyil. Əbədi olan dünyanın özüdür!
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Müəllifin münasibətinə görə, Tanrı hər şeyi cüt yaratdı. Külli-kainatın hərəkətinə təkan verən “cütlüklər” vacibdir, mütləqdir. Tanrı belə istədi, belə yaratdı. Tək əldən səs çıxmaz. Tək olmaq, vahid olmaq yalnız Rəbbimizə məxsusdur. Zər qoşa atılanda belə oyun tək-tək yerinə yetirilir. Qoşa atmaq, bu prosesə təkan vermək Tanrı işidir. Həyat qurulmuş, yaşanmış bir oyundur, insanlar onun oyunçuları. Oyunun sonunda hakim, ədalət və mizan-tərəzi qoyulub. Allah qiyamət gününü müəyyən edəndir.
Əməllərimizin xeyir-şər darvazasından gələcək işıq (kaş elə ola) xilaskarımıza çevriləcək. N.Muradoğlunun yazısında M.Araz yaradıcılığının dərin qatları ustalıqla üzə çıxır.
Hörmətli publisistimiz, Əməkdar jurnalist Flora Xəlilzadənin “Kürreyi-ərzin şairi”, “Məmməd əmi”, “Solmayan xatirələr”, “Sənətdə son mənzil olmur” yazıları, həmçinin M.Arazın bir yaxın dostuna yazılmış məktublarının “Rüzgar gətirən məktublar” başlığıyla yayımlanması M.Arazın yaradıcılıq və şəxsiyyət səmimiyyətini eyni müstəviyə çıxarır:
Qələm var əlimdə
Gör neçə ildir,
Bir nəğməm dillərə nə vaxt düşəcək?
Mənim gəlişimlə nə dəyişildi,
Mənim gedişimlə nə dəyişəcək?
Onu ağır xəstəliklə üz-üzə qoyan fələyin gərdişinə meydan oxuyaraq gedişiylə belə əbədiyaşarlığı təsdiq edirdi. Səmimiyyətin ən böyük izahı, ölçüsü olan:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, ona demişəm.
Anadan, atadan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm...
– misrasında Flora xanım M.Araza həm də yaxın insan kimi münasibətini bildirir:
İnana bilmirəm ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda.
Ana dəfn oluna, gözəl qocala…
Bəlkə, bir səhnədir, əsərdir bu da…
Məmməd Arazın poetik fəlsəfəsini təhlil edərkən V.Yusiflinin “M.Arazın 60-cı illərdə yazdığı Vətən mövzusundakı şeirlərə diqqət yetirmək kifayətdir ki, poetik düşüncənin sərhədlərinin genişliyini, artıq fəlsəfi səciyyə daşıdığını hiss edəsən” fikri M.Arazın 60-cı illər poeziyasına yeni ifadə üsulu gətirdiyini təsdiqləyir.
Şairin yaradıcılığa başladığı ilk gündən əzəli-əbədi mövzusu Azərbaycandır. Yumruq boyda ürəyə bütöv Azərbaycan sevgisini necə yerləşdirə bilmişdi? Gurultulu səslə, məntiqsiz, məzmunsuz şəkildə “Vətən, Torpaq, Azərbaycan” deyib qışqıranlardan fərqli olaraq, gözləri, beyinləri, qulaqları yormadan azərbaycançılıq məfkurəsinə sadiq qalaraq içinin sevgisini şeirə çevirdi. 1970-72-ci illərdə qələmə aldığı “Atamın kitabı” poemasında gəncliyə xitabən deyir:
Sevməyin özü də bir bacarıqdı,
Nə böyük hünərdi bir qızı sevmək...
Bir çayın, binənin, çölün, bulağın
Bir dəli Məcnunu olasan gərək…
Xanəli Kərimli şairin azərbaycançılıq fəlsəfəsinin məcmusu olan şeirlərindən söz açaraq yazır: “M.Arazın poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır”.
“…Məndən ötdü, qardaşıma dəydi” şeirində şair böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman onun üzərində gedən “tamah çarpışmalarını” diqqətə çəkir:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan,
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
***
Dibək oldun öz duzunla,
öz daşınla;
Ögey oldun
doğma, əkiz qardaşınla.
M.Araz sözün əsl mənasında cəsarətli vətəndaş-şairdir. Yoxsa sovet ideologiyasının qan-qan deyən vaxtı kim belə söyləyə bilərdi ki…
Qan Turalının “Məmməd getdi, Araz qaldı” məqaləsinin girişi bu fikirlə başlayır: “Məmməd Arazın adı gələndə həmişə “Akademkitab”da gördüyüm yoxsul geyimli qocanı xatırlayıram. Cibindən çıxardığı pulu dəfələrlə sayıb kitabın üzərindəki qiymətlə tutuşduran, o qiymətə inanmayıb dəfələrlə satıcıdan qiyməti soruşan o qocanı… Dördcildliyin qiyməti baha idi, yoxsa qocanın pulu az idi? Hər halda, qoca məyus-məyus o dükanı tərk etdi. Bəlkə də, onun bu dünyada Məmməd Arazın kitablarından başqa təsəllisi yox idi”.
Məqalənin bitdiyi andan kimsəsizliyini, ehtiyacını şeirlə ödəməyə çalışan adamı düşündüm, belə insan oğlu qalıbsa, səbəbkarı yenə də M.Araz kimi şairlərin mənəvi qida mənbəyi olan şeirləridir. Var olsun ehtiyacımızı ödəmək gücündə olan poeziyamız! Füzuli, Nizami, Cavid, Hadi kimi həqiqət, Vətən, Tanrı aşiqliyini məfkurə edən M.Araz poeziyası ruhumuzun yaşam qidası olaraq ən ləziz, ən gərəkli təam kimi, duz kimi, çörək kimi gərəyimizdir.
Qərənfil Dünyaminqızı “İnanmasanız da, bu bir həqiqətdir…” məqaləsində vaxtilə M.Arazın onun peşə taleyinin formalaşmasında göstərdiyi atalıq qayğısını sevə-sevə qələmə alıb. Xatirələrin axarında şairin yaxşılıq kredosu göyqurşağına dönür, bütün insanlığı xeyirxahlığa, təmənnasız yaxşılıq etməyə səsləyir:
Yaxşılıq neçə min ilməli hana,
Nəsildən-nəslə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi deməyibdir babalarımız.
***
Olma təmənnalı
Yaxşılıq acı.
O, zəhər qatılmış
Çörək kimidir.
Ya da bir kasıbın,
Bir naəlacın
Könülsüz satdığı inək kimidir.
Ya gürşad aparar,
Ya hellənc vurar,
Ya da göyü yanar –
Südü quruyar…
Bu müsabiqənin maraqlı tərəfi odur ki, M.Araz poeziyasının təhlilinin sonsuz olduğu ortaya çıxdı. Tanınmış tənqidçilərdən tutmuş tələbəyə, sadə oxucuya kimi yüzlərlə soydaşımız müsabiqəyə qatılaraq ürəyini boşaltdı.
M.Araz Xalq şairi olmazdan çox-çox əvvəllər xalqın şairi oldu; cavankən, gənckən müdrik ağsaqqala çevrildi. Min illərin zaman çərçivəsini aşaraq ömrün irfan missiyasını dərk edib yaşadı. Dünyanın varına-dövlətinə sahib olanlardan çox göz-könül toxluğu ilə yaşadı. Vətəni tək ona məxsus olmaq istəyi ilə – BÖYÜK EŞQLƏ sevdi. Bu böyük sevgini Tanrı sevgisi bildi. Həyatı, havası, suyu, günəşi, şəxsi istək və sevgisi Azərbaycan oldu. Azərbaycan tarixi bu günü və gələcəyi ilə birgə taleyinə köçdü. Bütöv olmayan Vətən sərhədi səhhətində, sağlamlığında problemlər yaratdı. Başına bir iş gələndə, təbiət hücumlarına məruz qalanda (bəlkə, deməliydim insan hücumlarına?) torpaq müvazinətini itirir, daşqın, çovğun, torpaq sürüşmələri, uçqunlar baş verir. İnsan bədənində viruslar baş qaldıranda, soyuqdəymə və ya başqa xəstəliklər olanda öncə hərarəti qalxır, içinin dərdi izhar nöqtəsində – dodaqlarında uçuqlamaya, yaralara səbəb olur. Dərdə, xəstəliyə etiraz uçqun şəklində baş verir.
Uçqundan bir bulaq
Gəlir dərəyə,
Uçqun bir talanın sönən
Yazıdır.
Uçqun təbiətdə nəyinsə nəyə
Təbiət dilində etirazıdır…
– deyir M.Araz.
İnsan gücündən artıq kədər və dərdlə yüklənəndə infarktlar, insultlar uçqunu yaranır, sağlamlıq itir, bərpa olunmur. M.Araz da Vətən, torpaq, millət taleyinin mücadiləsində sağlamlığını uçquna, selə verdi.
Elədiklərində və çəkdiklərində təmənnasız olan şairin həyat missiyası, əslində, elə bundan ibarət idi.
Ruhunun gücü, sağlamlığı, zəkasının, istedadının parlaqlığı şeirlərinə köçdü, bu gün də yolumuza işıq salır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin M.Araz haqqında çox dəyərli və çox gərəkli ədəbi fikri yada düşür: “Milli ruhun və şüurun dirçəlməsində, gənclərimizdə azadlıq, vətənpərvərlik hissinin oyanıb-güclənməsində Xalq şairi Məmməd Arazın xidmətləri əvəzsizdir. Şairin istedadı müstəqil Azərbaycanın gələcəyi üçün daha gərəklidir. Buna görə də Azərbaycan dövləti qüdrətli yaradıcılığı ilə yanaşı, həm də təvazökarlığı və fədakarlığı ilə çoxlarından seçilən Xalq şairi Məmməd Arazın xaricdə müalicə olunması üçün tədbir görəcəkdir”.
Ulu Öndər Heydər Əliyev Vətənin başına gələn müsibətlərdən sonra onun şeirlərinin, bədii irsinin təbliğinə böyük ehtiyacın olmasını ön plana çəkdi. O, M.Arazın dövrün sənət zirvəsində durduğunu fəxrlə deyirdi.
M.Araz Azərbaycan klassik poeziyasının tarixində hələ ki Hüseyn Caviddən sonra hələlik sonuncu məfkurə şairi kimi tarixə yazıldı.
M.Araz səmimiyyəti min illər sonra belə bütün ədəbi fikir adamlarına istedadlarını ifadə etməkdə örnək olacaq.