Elman Eldaroğlu : - Qənirə Paşayeva- 50

YAZARLAR 08:01 / 25.03.2025 Baxış sayı: 1274

 

“O vaxt jurnalist işləyəndə anam həmişə deyirdi, qızım, gəl bu sahədən uzaqlaş. Belə ömür sürmək, səhərdən gecəyə qədər işləmək olmaz. Mən millət vəkili seçiləndən sonra da eyni temp davam etdi. Bir gün də anam dedi ki, mən elə bilirdim, səni jurnalistika belə edir, sən demə, günah jurnalistikada deyilmiş, özün beləsən, səhərdən gecəyə qədər işləmək sənin həyat tərzindir. Əslində, mən həyatımı saatlara bölürəm. Qeyd dəftərçəmdə hər gecə sabah üçün görəcəyim işlərin 1-2 səhifəlik siyahısı olur. Kimə zəng etməliyəm, kiminsə problemi ilə bağlı hara müraciət etməliyəm, rayonda hansı məsələ var, işimdə hansı sənədlər getməlidir və s.. Vay o günə ki, insanın işi olmasın. Məncə hər bir insan çalışmaq, özünü reallaşdırmaq üçün doğulub...”- söyləyirdi.

1975-ci ilin mart ayının 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlmişdi. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültələrini bitirmişdi. 1998-ci ildən “ANS” televiziya şirkətinin “Xəbərlər” xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər redaksiyası” baş redaktorunun müavini vəzifələrində çalışmışdı. Sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdu. 2005-ci ildən 2023-cü ildə vəfat edənədək, III, IV, V və VI çağırış Milli Məclisə deputat seşilmişdi. Parlamentin Mədəniyyət komitəsinin sədri idi...

Deyirdi ki:- “Mən orta məktəbə çox tez getmişəm. Məktəbdə böyümüşəm desəm, daha yaxşı olardı. 3 yaşımdan məktəbdə olmuşam. 4 yaşımda 1-ci sinfə gedən qohumlarımızdan biriylə məktəbə gedirdik. Amma yaş həddinə görə 1-ci sinifdə oxumağa icazə vermirdilər. Amma 5 yaşım olanda buna icazə verdilər. 16 yaşımda ali məktəbə, Tibb Universitetinə daxil olmuşam.

Orta məktəbdə qiymətlərim yaxşı olub. Anam kimya müəllimi idi, mən də kimyanı çox yaxşı oxuyur, kimya olimpiadalarında iştirak edirdim. Anam həmişə yaxşı bir həkim olmağımı istəyirdi. Çünki bu, nənəmin də arzusu idi. Nənəm istəmişdi ki, anam həkim olsun, anam həkim olmamışdı, sonra ikisi də, mənim həkim olmağımı arzulayırdı. Ancaq mən uşaqlıqdan həmişə jurnalist olmaq istəyirdim. O zamanlar dəbdə idi, soruşanda qızlar Tibb Universitetinin, oğlanlar isə hüquq fakültəsinin adını çəkirdilər. Mən həmişə deyirdim ki, jurnalist olacam. Anam mənə hərdən deyirdi ki, həkim ola-ola yaza da bilərsən. Açığı, yuxarı sinifdə fikirləşirdim ki, bəlkə öz arzumun arxasınca gedim? Ancaq ona da mane olan bir amil oldu. Bunu heç vaxt danışmamışam, sizə deyirəm. Mənim atam çox möhkəm xəstələnmişdi. Bəzi həkimlərin fikrincə, guya xərçəng idi. Amma fərqli oldu və atam sağaldı. Həmin vaxt bir nəfər atama demişdi ki, qızını qoyma Tibb Universitetinə sənəd versin, çox çətin olacaq, daxil ola bilməyəcək. Doğrudan da, o vaxt Tibb Universitetinə öz biliyinlə birinci il daxil olmaq çox nadir hadisə idi. İnsanların yarıdan çoxu Tibb Universitetinə 3-cü, 4-cü, 5-ci ildən sonra daxil ola bilirdilər. Ədəbiyyat müəllimim də mənə deyirdi ki, sən mənim ən yaxşı tələbəmsən. O dəhşətə gəlirdi ki, mən ədəbiyyatı qoyub, necə Tibb Universitetinə gedə bilərəm. Tarix müəllimim də həmişə anama narazılığını bildirirdi ki, o tarixi yaxşı oxuyur, niyə zorla onun yolunu dəyişdirmək istəyirsən. Amma atama söz verəndən qərarım qəti idi, geri çəkilə bilməzdim...”

Bir yerdə dayanmağı xoşlamazdı. Necə deyərlər, civə kimi qaynayırdı. Mehriban, gülərüz, işgüzar xanım idi. İş fəaliyyətində qadın-kişi fərqini qəbul etmirdi. Onun nəzərində insanlar tənbəl və qoçaqlardan, məsuliyyətli və məsuliyyətsizlərdən ibarət olur...

“Karyera vəzifə demək deyil. Nədənsə bizdə karyera qurmaq deyəndə fikirləşirlər ki, o, ya deputat, ya da nazir olmalıdır. Xeyr. Karyera odur ki, hər bir insanın öz potensialını reallaşdıra bildiyi bir işi olsun. Yaxşı müəllimlik, həkimlik də karyeradır. Təbii ki, hamı ali təhsil ala bilməz. Amma hər bir insana məşğul olduğu bir peşə mütləq lazımdır. Hər bir insan özünü ayaq üstə saxlayacaq gücdə olmalıdır.”- söyləyirdi.

Elə bil tez öləcəyindən xəbərdar idi. Odur ki, heç bir işi təxirə salmadan çalışırdı. Sanki harayasa tələsirdi...

Deyirdi ki:- “Mənim fəlsəfəm budur ki, insan həyatı hər zaman bitə bilər. Mənim bir neçə sinif yoldaşım artıq həyatda yoxdur, Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində şəhid olublar. Bəziləri də itkin düşüblər. Biz bir yerdə böyümüş və oxumuşduq. Amma onlar çox gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də düşüncəmdə yoxdur ki, uzun yaşayacam, arzular da belə olmalıdır. Mən hər gün səhər şükür edirəm ki, bu gün həyata gözümü açdım, günəşi, havanı gördüm. Hər gecə də yatanda şükür edirəm ki, bu günü də başa vurdum, çalışdım ki, yaxşılıq edim, insanlara yararlı olum. Pis əməllər etməyim, günaha batmayım. Bu isə mənim həyat fəlsəfəmdir. Hindlilərdə, eləcə də bəzi xalqlarda bir məşhur məsəl var. Deyirlər ki, insan dünyaya gələndə eşidən hər kəs sevinir, amma özü ağlayır. Həyatını elə yaşamalısan ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən...”

Bəli, o, ölümüylə milyonlarla adamı qəmləndirə, kədərləndirə bildi. Bu xəbəri eşidən hər kəsin dilindən- Allah rəhmət eləsin- kəlmələri qopdu. Dəfni isə son on ildə ən izdehamlı mərasimlərdən biri oldu…

Yaşasaydı, martın 24-də Qənirə Paşayevanın 50 yaşı tamam olacaqdı...

 

Bir 1 nəfər və mətn şəkili ola bilər