Əlizadə Nuri : - Hər gün bir həqiqət ölür dünyada

Ədəbiyyat 08:37 / 03.07.2025 Baxış sayı: 1042

 

Çiçəyi əzilən bağça kimidi,

Arısı yol azan bir pətəkdi bu.

Güldana qoyduğun saxta gül ilə

Baharı komanda keçirməkdi bu...

 

Dünyanı şeytana kim uduzdurub,

Bəs şeytan allaha uduzar haçan?

Bu ömür dediyin nədir ki belə-

Bəlkə yol getməkdir ulduzlaracan?

 

Allah yaxındadı, çox yaxındadı,

Baxma göy üzünün uzaqlığına.

Hər gün bir həqiqət ölür dünyada

Min yalan yığılır başsağlığına...

 

Həyat- gördüyümüz qorxulu yuxu,

Haqsız da bilir ki, ayrılıq haqdı.

Ölüm də son dəfə evindən çıxıb

Bir daha geriyə qayıtmamaqdı.

 

Sevinc yalquzaqtək yaxına gəlməz,

Götürüb baxtına yamaq vurasan.

...İlahi, bu dünya bar verə bilmir-

Bəlkə bu dünyaya calaq vurasan?!..