Əlisəfa Azayev: -İnsanlıq dərsi!..

YAZARLAR 08:45 / 11.10.2024 Baxış sayı: 3091

Siyəzəndə hüzür məclisində idim. Qıvraq bir cavan oğlan içəri daxil olub, hamını salamlayaraq yuxarı tərəfə – mollanın yanına keçdi.

- Bu adam kimdir? - sualına həmsöhbətim:

- Siyəzən məscidinin əfəndisidi, - dedi.

Dillənmədiyimi görüb dedi:

- Bir sözlə, bizim Cavanşir əfəndimiz.

Əlbəttə, Cavanşir əfəndi Şabran rayonunda çalışırdı... Bir azdan təzə qonağımız söhbətə başladı, nə başladı, İlahi! Bu adam cavan, gənc olmasına baxmayaraq çox yaxşı hazırlıqlı, gözəl səsi, avazı olan birisi imiş. Sanki qiymətli söz boxçası idi. Ürəkdən deyib-danışır, hamının diqqətini özünə cəlb etmişdi.

O, söz söhbəti ilə səbəbkara – mərhuma rəhmətlər dilədi, Prezidentimizi, onun apardığı siyasəti alqışladı, 44 günlük Qarabağ müharibəsində həyatını itirmiş şəhidlərimizə rəhmət dedi, qazilərimizə, veteranlarımıza can sağlığı arzuladı. Bayaqdan bir o qədər dillənməyən, səsi çıxmayan molla, sanki o danışdıqca sıxılır, deməyə söz tapmırdı.

- Bəli, mənim adım Niyaməddin, familiyam Müzəffərovdur. - Maraqlandığımı görüb bildirdi. - Özüm də Siyəzən məscidinin əfəndisiyəm.

- Çox yaxşı, sizə uğurlar!

Əfəndi söhbətinə davam etməkdə idi:

- Bəli, Həzrət Məhəmməd demişdir ki, mən ancaq ən gözəl, ən pak xasiyyətləri tamamlamaq üçün göndərilmişəm. O həm də bildirmişdir ki, mən ancaq gördüyümə və duyduğuma əsaslanaraq hökm verirəm; gizli şeylər isə Allaha aiddir, onlara yalnız O qarışır. Bir də gözəl Peyğəmbərimiz demişdir ki, dini başa salarkən xalqa inandırma yolu ilə təsir göstərin, zor işlətməyin.

Əfəndi arada dua verir, salvat çevirir, sözünə davam edirdi:

- Hz.Məhəmməd buyurmuşdur ki, insanlar ata-analarından daha çox öz zəmanələrinə oxşayırlar.

Kimsə soruşdu:

- Molla, həqiqətən də, bu peyğəmbər sözləridir: "Cənnətin qapıları qılıncların kölgəsindədir".

- Bəli... Yəni Peyğəmbər demişdir ki, hər şeyə zəhmətlə nail olunanda, o xoş, gözəl, səfalıdır.

- Bu sözlər də Peyğəmbərə aiddir: "Ən başlıca düşmənin nəfsindir".

Molla gülümsədi:

- Yoxsa belə deyil?! Hər nə xoşagəlməzlik gəlirsə, bu səbəbdən gəlir bizə.  O həmçinin demişdir ki, həyatım da xeyirlidir sizə, ölümüm də... Həm də ərz etmişdir ki, doğulmaq ölmək üçündür.

Məclisdəki bir ağsaqqal bildirdi:

- O bizi bu böyük imtahana hazırlayırmış da.

- Bəli, əzizlərim... O həm də bildirmişdir ki, Vətəni sevmək imandandır.

- Gözəl...

- Həm də demişdir ki, özünüz necəsinizsə, o cür də idarə olunursunuz. Başçınız öz içərinizdəki adamlardan çıxır.

- Düzdür...

- Peyğəmbər həm də demişdir ki, xalqa başçılıq edənin itaətində olanlarla alış-verişə girməsi onun öz işinə xəyanət etməsi deməkdir.

- Əlbəttə ki...

Əfəndi arada yenə dua verib söhbətinə davam etdi. Sanki əsl insanlıq dərsi keçirdi:

- Hz. Məhəmməd buyurmuşdur ki, bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir.

- Çox gözəl demişdir.

- O həm də bildirmişdir ki, bütün işlər nəticəsi ilə qiymətlidir. Qənaət bitib-tükənməz sərvətdir. Qənaətə riayət edən yoxsul olmaz.

Bu gün burada, bu hüzür məclisində olmağımdan xüsüsi qürur duyurdum. Nə gözəl din xadimlərimiz varmış. O, cavan idi. Dini təhsili vardı, yoxdu bilmirdi. Hər halda olmasaydı, belə bir vəzifə ona tapşırılmazdı. Məscidin əfəndisi idi. Deyirdi:

- Bəli, mən qubalıyam... Qubalı olmağımla da fəxr edirəm. Ancaq bu gün burada Siyəzəndəyəmsə, az-çox nəyə qabiləmsə, öz töhfəmi onlara verməliyəm.

Səslər, pıçıltılar eşidildi:

- Çox sağ ol!..

- Əhsən!..

- Belə də olmalıdı!..

Əfəndi yenə də öz söhbətində, Peyğəmbərimizin qiymətli fikirlərindən deməkdə idi:

- O, çox gözəl demişdir: "Bir pislik etmisənsə, bir yaxşılıq et ki, pisliyin əvəzi çıxsın". Bir də demişdir ki: "Birinin günahı varsa, bağışla, bağışlamayıb cəza versən, günahının dərəcəsinə görə ver".

Mən bu adamla belə gec qarşılaşmağıma təəssüflənirdim. Həmişə beləcə yas məclislərinə gələndə bir o qədər də təəssüf hissi keçirərdi. Daha çox mollalar Həzrət Əlinin qılıncla dağı, qayanı yarmasından söhbət açar, onun qiymətli kəlamlarından bəhs etməzdilər. İndi isə bu gözəl insan müqəddəs Peyğəmbərimizin əsl dürr boxçasından söhbət açmış, ürəklərimizi fəth etmişdi. Onu dinlədikcə qəlbimiz açılır, islam dəyərlərinin necə möhtəşəm, dəyərli, əvəzsiz olduğunu eşidir, görür, duyurduq. Deyirdi:

- Əlbəttə, sevimli Peyğəmbərimiz buyurmuşdur: "Alimin mürəkkəbi və şəhidin qanı göylər üçün eyni rəngdədir". O həm də demişdir: "Yazıqdır o adam ki, bir şey bilmir, yazıqdır o adam ki, bildiyinə əməl etmir". Gözəl Peyğəmbərimiz həm də demişdir: "Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır". Bu qiymətli fikir də ona aiddir: "Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir".

Məni qınayan olmasaydı, yerimdən qalxıb, ona yaxınlaşar, minnətdarlıq hissi ilə əllərini sıxar, onu bağrıma basıb, öpüb-qoxşayardım. O həm də çox səliqə-sahmanlı bir din xadimi – əfəndi idi. Üzündə çox tük yox, sadəcə bir xətt saxlamışdı. Gözəl səsi, avazı ilə yenə də məclis, meydan onun idi. Danışırdı:

- Hz. Məhəmməd həm də bildirmişdir ki, susmaq bilikliyə yaraşır, biliksizin isə eybini ört-basdır edir. Susmaq xasiyyətlərin ağasıdır; kim ki lağlağılıq edər, onunla da lağlağılıq edərlər.

Bəli, bu adam iti zehnli, gözəl yaddaşlı idi. Peyğəmbər kəlamlarını elə dəqiqliklə deyirdi ki:

- O həm də demişdir: "Namaz qılarkən onu uzatmaq istəyirəm, lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü çox yaxşı bilirəm".

- Bəli!..

- Sevimli Peyğəmbərimiz demişdir: "Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım".

- Əhsən!..

- O həm də demişdir: "Yetim uşağı himayə edənlə mən Cənnətdə tam bərabərik".

- Necə gözəl deyib!

- Bu fikri də bizə tanışdır: "Üç qızı ərgənlik çağına qədər böyüdüb tərbiyə edən kişi ilə mən Cənnətə gedərəm".

- ...

- Mən onun haqqında bəhs edəndə, istər-istəməz kövrəlirəm. Axı necə də kövrəlməyim?!. Görün nə deyib: "Tanrı rəhm etsin o kişiyə ki, halal yolla qazanır, təmiz  niyyətlə yoxsullara pay verir, yaman günləri üçün də saxlayır".

- Hə...

- Bu böyük insanın fikridir: "Mən kişiləri iki qismə bölürəm: əvvəlcə sərvət, sonra özünə arvad axtaran kişilər və əvvəlcə arvad, sonra sərvət axtaran kişilər".

- Nə deyib...

- Bir də buyurmuşdur ki, onu dünyada üç şey sevindirir: qadınlar, gözəl rayihə və gözlərini işıqlandıran namaz.

Əfəndi yenə arada dua verdi, salavat çevirdi. Bir-iki qurtum çay içdi. Söhbətinə davam etdi. Əsl mənada onun insanlıq dərsi davam etməkdə idi:

- Bəli, müqəddəs Peyğəmbərimiz demişkən, təmiz adama təmiz mal-dövlət nə gözəl yaraşır.

- ...

- O həm də demişdir ki, xeyir iş çoxdur, ancaq görənlər azdır.

- Bəli...

- Bir də o demişdir: "İki acgöz vardır ki, doymaq nə olduğunu bilməz; bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.

- Bax da...

- Peyğəmbərimiz buyurmuşdur: "Ən başlıca düşmənin nəfsindir". Allah bizi bu bəladan saxlasın, hifz etsin, qorusun. O həm də demişdir: "Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik".

- Düzdür...

- Bu fikir də ona məxsusdur: "Səxavətli bisavad Allaha ibadət edən, amma xəsis olan adamdan yaxşıdır".

Məclisə bir xeyli adam gəlsə də, şirin söhbəti görüb heç kim məclisi tərk etmək fikrində deyildi. Ona görə də əfəndi təkrar-təkrar dua verib, salavat çevrilməkdə idi. Axırı əlacsız qalıb dedi:

- Çox xahiş edirəm ki, vəziyyət, yer məsələsini nəzərə alasınız. Çöldə ayaq üstə duranlar var.

- Gəlsinlər, yer taparıq...

Molla dedi:

- Peyğəmbər həzrətlərimiz həm də demişdir: "Üç yalanın günahı Adəm övladının adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir, zövcənin könlünü almaq üçün dilə gətirilən yalan, bir də iki insanın arasını düzəltmək üçün deyilən yalan".

Kiminsə səsi eşidildi:

- Molla əmi...

- Buyurun eşidirəm.

- Bu təriflər...

- ...

- Bu alqışlar…

- …

- Yıxdı da bizi...

Əfəndi şirin söhbətinə ara vermiş bu adama çox rəğbət hissi ilə yanaşaraq dedi:

- Qardaşım... Biz də bu gəminin sərnişiniyik... Xalqımız dözümlü xalqdır... Çətinliklərə dözməliyik. Unutmamalıyıq ki, düşmən çox uzaqda deyil... Bu dəqiqə yaralı ilan kimidi... Müharibədən məğlub çıxıb axı.

- Bəli...

- Peyğəmbər sözləridir: "Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir".

Molla gülümsədi, arada yenə də üzünü nə barədəsə pıçıldaşan adamlara tərəf tutaraq dedi:

- Peyğəmbər həzrətləri demişdir ki, əgər utanmırsansa, istədiyini elə.

- Bu olmadı ki...

- Yox... "Bir işə görə peşman olmaq, əslində tövbə etmək deməkdir" deyib müqəddəsimiz.

- Çox yerində deyilmiş fikirdir.

- Bir də onu deyib ki, günahdan keçməyənin günahından keçilməz.

Əfəndi indi də hirs və qəzəb məsələlərindən bəhs edirdi. Dedi:

- Nahaq demirlər ki, gözəl xasiyyət dinin yarısıdır. Əslində bu fikir bütünlüklə Peyğəmbərimizə məxsusdur.

- Bəli...

- Onun sözləridir: "İgidlik güləşməkdə, qovğada üstünlük qazanmaqda deyil; igid, mərd o adamdır ki, qəzəblənən zaman özünü ələ ala bilsin".

Söhbət falçılıq, dua məsələlərindən düşəndə əfəndi bir qədər tərəddüdlə olsa da, məsələyə aydınlıq gətirməyə çalışdı. Dedi:

- Bilirsiz də bu məsələdə bazən bizi başa düşmür. İkili mövqedə qalırlar.  Çox təəssüf... Belə olmamalıdır... Hz. Məhəmməd özü deyib: "İnsanların ürəklərinə girib qəlblərindən keçənləri araşdırıb oxumağa, sirlərini öyrənib bilməyə vəkil edilməmişəm. Mən yalnız gördüyümə və duyduğuma əsaslanaraq hökm verirəm: gizli şeylər isə Allaha aiddir, onlara yalnız O qarışır".

Şərabdan söhbət düşəndə isə əfəndi dedi:

- Bunu bir o qədər araşdırmağa, yozmağa ehtiyac yoxdur. Hz. Məhəmməd özü demişdir: "Şərab günahların məcmusudur".

- Lənət olsun ona. Gör nə qədər başlar xarab eləyib.

- Baş ola ki, xarab eləməyə də.

- Sən onu demə, hamı bir əqidədə deyil ki.

- Yenə də...

- Doğrudur...

Molla saata baxaraq dedi:

- Söhbət uzun, vaxt az... Şeirə, sənətə onun çox gözəl münasibəti olub. O vaxtı ərəb cəmiyyəti heç də kasıb, yoxsul həyat keçirməyib. Şeir, sənət məclisləri, qaliblər, məğlublar olub! O demişdir: "Şeir əzbərləyin, çünki şeir dilinizi düzəldir, danışığınızı, nitqinizi gözəlləşdirir".

- Peyğəmbər əfəndi buyurmuşdur ki, şeir də söz deməkdir – gözəli gözəl söz kimidir, pisi pis söz kimi.