Bir işıq ömrü - Əbülfət MƏDƏTOĞLU yazır
Hər bir insan öz mühiti, öz dünyası üçün həm də işıq rəmzidi. Yəni onun varlığı həyatı bir az da nurlu edir, bir az da maraqlı və yaşamalı notlar üzərində kökləyir. Bu mənada insanın işıq olması təbiidir və bu təbiiliyi də o zaman biz görür və dəyərləndiririk ki, həqiqətən o işıq təkcə öz sahibini yox, öz daşıyıcısını yox, bütövlükdə çevrəsini və cəmiyyətini nura boyayır. Ona görə də hamının içərisində olan işığı bir müstəviyə gətirmək çətin olur. Səbəbi də işığın ölçüsüdür. Kimdə iynə ucu boydadır, kimdə ürəyi və ruhu ölçüsündədir, kimdə isə ümumiyyətlə, o işığa qarşı bir basqı var. Ona görə üzə çıxmır, eləcə olduğu yerdəcə «donub» qalır.
Doğrudan da Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bir işıq ünvanıdır, bir işıq sirridir. Onun elə ziyalı olmağı da həmin o işıqla paralellik etməsi onun əks etdirməsidir. Belə olan halda ZİYANI, yəni işığı görürük, ondan yararlanırıq, onu qiymətləndiririk və nəhayət, ondan bəhrələnirik. Bu ZİYANIN, yəni işığın ünvanlarından, cəm olduğu məkanlardan biri də müəllim ürəyidi, müəllim varlığıdı. Heç də təsadüfi deyil ki, müəllim öyrədən olduğu üçün o, işıq paylamağı da elə bir növü ötürür, ondan şagirdin varlığına tədris prosesi ilə həm də bir işıq axıb gəlir. O işıq şagirdin yolunu ruhlandırır. Bütün bunları ona görə xüsusi vurğulayıram ki, Azərbaycanda kifayət qədər ZİYA – işıq daşıyıcısı olan müəllimlər, pedaqoqlar var. Onlar öz müəllimliklərini təkcə sinif otaqlarında, auditoriyalarda təsdiq etməyiblər. Onların müəllimliyi cəmiyyətdə də, ictimai mühitdə də, sosial aləmdə də özünü təsdiqləyir.
Bu gün onun barəsində hamı xatirə danışır… Bu gün onu hamı öz yanında görür… Və bu gün hamı onu müəllimlərin müəllimi kimi önə çəkir, nümunə göstərir. Və bir də bu gün hamının onunla bağlı söylədikləri kitablara sığınır. Ona görə ki, o, məktəblə, təhsillə, şagirdlə, kitab-dəftərlə, bir sözlə, oxumaq və öyrənmək üçün gərək olan nə varsa, onun hər biri ilə elə bir doğma münasibət qurmuşdu ki, əlindəki təbaşir də stolunun üstündəki sinif jurnalı da, hətta rəhbər vəzifəsi də bir-birini tamamlayırdı. Sanki o, elə müəllim olmaq üçün doğulmuşdu!.. Sanki o, müəllimlərin müəllimi olmaq üçün dünyaya gəlmişdi!..
Bu gün Qəbələ rayonunun Bum kəndində onunla bağlı söhbət düşəndə hər kəsin üzündə bir təbəssüm yaranır. Mən bu təbəssümün izinə düşüb ətrafa boylanıram və görürəm ki, təkcə onun doğulduğu, oxuduğu və sonra müəllim kimi fəaliyyət göstərdiyi bu kəndin hər bir evində onun xatirəsi var, onun adı əziz tutulur. Hətta 1926-cı ildə bu kəndin orta məktəbindən başlayan yolun özü belə onun izini sanki qoruyub saxlayıb. Bu yol sonra Nuxa (Şəki) Pedaqoji məktəbində, ondan sonra daxil olduğu Azərbaycan Pedaqoji İnstitutunda və nəhayət, təkrar imtahan verib tələbəsi olduğu Azərbaycan Dövlət Universitetində (BDU) həm ona dərs deyənlər, həm onunla tələbə yoldaşı olanlar və nəhayət onunla yolları kəsişənlərin yaddaşına köçdü. Ona görə də adı gələndə dərhal çox böyük ehtiramla Hüseyn müəllimin ruhu qarşısında baş əyərək şirin bir xatirə danışırlar. Ən maraqlısı odur ki, Hüseyn müəllim pedaqoji sahədə çalışanda da, 1941-1945-ci illər müharibəsində ön cərgədə olanda da həmişə ünsiyyət qurmaq, münasibət yaratmaq, diqqət göstərmək anlamında hamıdan fərqlənirdi. Onun canında, qanında qarşısında olana sayqı ilə, sevgi ilə yanaşmaq və ətrafa müsbət aura sərgiləmək istedadı, bacarığı var idi. Ona görə də elə ilk təmasdan özü də, xatirəsi də yaddaşlara hopurdu. Təsəvvür edin ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olandan sonra dəfələrlə institut rektorluğu ona məktubla müraciət edib təhsilini davam etdirməyə dəvət etsə də o, çox səmimi şəkildə bildirmişdir ki, mənim instituta geyinib gəlməyə ayaqqabım yoxdur. Amma içində oxumaq, öyrənmək həvəsi o qədər böyük idi ki, özünü toparlayıb yenidən Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin «Azərbaycan dili və İran filologiyası» ixtisası üzrə təhsil almağa başlamışdır.
Hüseyn Məmmədov Qəbələnin kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlasa da, bir müddət sonra onu məktəb direktoru vəzifəsinə irəli çəkdilər. Həm yüksək təhsili, həm idarəçilik qabiliyyəti onun önə çəkilməsinə bir tramplin olmuşdu. Ona görə də rayon ictimai həyatında fəallığı diqqətdən yayınmadı. Bir müddət sonra Hüseyn müəllim artıq rayon təhsil şöbəsinə rəhbərlik edirdi. Burada onu da xatırlatmaq yerinə düşər ki, Hüseyn müəllimin həm respublika səviyyəsində, həm də rayon səviyyəsində keçirilən tədbirlərdəki çıxışları, məruzələri həmişə maraqla qarşılanmışdı. Bunun da səbəbi onun səmimiyyəti, reallığı ifadə etməsi və bir də öz həyat təcrübəsindən çıxış etməsi idi.
Hələ 30 il bundan öncə Bum kənd mədəniyyət evində Hüseyn Məmmədovun 70 illiyi qeyd olunanda onunla bağlı səslənən fikirləri gözdən keçirərkən bir məqam diqqətimi çəkdi. Belə ki, çıxış edənlərin hamısı birmənalı olaraq vurğulamışdılar ki:
Sənin tək müəllim olmaq bizə çətindir,
Kaş ki, sənin kimi insan olaydıq!
Məncə, bu qiymət özündə hər şeyi ifadə edir. Çünki bu sətirlərdəki fikir yükü bir müəllimin, bir insanın ən böyük mükafatıdır. O mükafatı da sağlığında qazanan insanlardan biri də məhz Hüseyn Məmmədov olmuşdur. Deməli, məqsədi, məramı və bir də qəlbi işıqlı olan müəllim həm şagirdlərinə, həm çevrəsinə, həm də onu tanıyan hər kəsə yalnız kamil olmaq, dəyərli və gərəkli olmaq fikirlərini aşılamağı bacarmışdır. Ona görə də onunla bağlı səslənən fikirlər dərhal diqqəti çəkir, dərhal maraq doğurur. Hətta övladları və nəvələri qədər sevinən şagirdləri də Hüseyn müəllimin nə qədər önəmli şəxsiyyət olduğunu böyük ürəklə dilə gətirirlər. Zənnimcə, bunlar müəllim ömrünün bütün çalarlarını əhatə edir. Sadəcə onu görmək və görünən bu işığı özünə hopdurmaq lazımdır.
Oktyabr ayında Qəbələ rayonunda qocaman təhsil işçisi, unudulmaz Hüseyn Məmmədovun anım günü keçiriləcəkdir. Artıq rayonun təhsil işçiləri bu əlamətdar günə hazırlaşırlar. Onu tanıyanlar, onunla birlikdə işləyənlər yaddaşlarında xatirələri təzələyir və bu təzələnən xatirələr də müxtəlif mətbu orqanlarda öz əksini tapır. Elə Hüseyn müəllimin həyat yolu ilə bağlı Ramin Məmmədovun çap etdirdiyi «Qəbələ təhsilinin unudulmaz müəllimi» (Hüseyn Məmmədov - 100) kitabı da görkəmli pedaqoqun həyat yolunu əks etdirən maraqlı bir yaradıcılıq nümunəsidir. Bu kitabda Hüseyn müəllimin həyat yolu, onun barəsində çap olunmuş müxtəlif xatirələr, eləcə də özünün mətbuatda işıq üzü görən məqalələrindən parçalar, hətta Vəsiyyətnaməsi də öz əksini tapıb.
Bir oxucu olaraq çox böyük maraqla nəzərdən keçirdiyim bu kitab məni Hüseyn müəllimin ruhu ilə görüşdürdü. Məhz həmin görüşdə bir daha anladım ki, işıqlar sönmür, onlar əbədi yandığından əbədiyyətə qədər də olan yolu işıqlandırır. Onun sübutu adını çəkdiyim kitabdakı xatirələrdə özünü ifadə edir. Düşünürəm ki, Qəbələdə anılacaq Hüseyn Məmmədovun 100 yaşı Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin böyük nüfuzuna bir töhfə olacaqdır.