Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qəbuledilməz hesab edib.
Yenises.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirilib.
"Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir", – sözçü vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycana "münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur".
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur", – mətbuat katibi qeyd edib.
O deyib ki, sənədlərdə və XİN başçısının səsləndirdiyi fikirlərdə "Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir":
"Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik".
"Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur", – XİN-in rəsmisi söyləyib.
"Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırırıq", – Hacızadə vurğulayıb.