Aysel  Xanlarqizi Səfərli  : -  Gözümdə dərd uladı,
 

Ədəbiyyat 13:27 / 19.06.2025 Baxış sayı: 2296

Öpdüyüm barmaqları gözümün üstə qoydum,

Bir dözülməz həsrəti dözümün üstə qoydum.

Eşqi ən şah beytimin, sözümün üstə qoydum…

Yalqızlıq gəmirdikcə gözümdə dərd uladı,

 

Əlimin tərsi ilə yanağımı buladım,

Doğmalar dəli deyib bir-bir başın salladı…

Qəm oxunu atdıqca kirpiklərim qanadı,

İçimdəki saflığım döyüldükcə anladım

 

Səadət axtarırmış bu qürursuz inadım…

Əzildikcə hey əzdi yükü ağır qayğılar,

Axı mənim nəyimə yaraşır saf duyğular?

Ömür ölümmüş demə, yaşamaqmış yuxular…

 

Mən yatmaq istəyirəm,

Torpaq sinəmin üstə

Bir ovuc yağış olub,

Bu toxumluq insanı

Uyutmaq istəyirəm…

 

19.06.2025