Ayaz   Arabaçı : - Əgər ürəyində sevgi qalıbsa,

Ədəbiyyat 19:08 / 24.03.2025 Baxış sayı: 698

 

 

Əgər ürəyində sevgi qalıbsa,

Sabaha inamın tam itməyibsə.

Hələ xəyalının üfüqlərindən,

O hisli,o kirli dam itməyibsə..

Gecə də-gündüz də yolunda yanıb-

Ərimək istəyən şam itməyibsə,

Fikrini çəkməyə dəyməz heç nəyin,

Nə paltar,nə yemək,nə baş-nə əyin?

Ayağın gedirsə balaca,bəsdir..

Quşların oxuyur alaca,bəsdir..

Heç 15 otaqlı evin olmasın,

Qalmağa bir uçuq qalaça bəsdir.

Bu qarı dünyanın hazır loxması,

Olsa üçü üçün,beşi üçündür..

Hoqqabaz deyilsən,canbaz deyilsən,

Dirənmək-yıxılmaq kişi üçündür..

Üzülmə neçə ki,canında can var.

Oyat inamını biləklərində.

Gecə söküləcək,qabaqda dan var,

Üfüqlər güləcək diləklərində.

Yorulmaq əzəldən sənə xas deyil,

Həyat zər naxışlı bir atlas deyil.

Bu ağrı keçəcək,bu qəm keçəcək.

Uğur özü gəlib səni seçəcək.

Əgər ürəyində sevgi qalıbsa ,

Sabaha inamın tam itməyibsə,

Zamana qalib gəl,vaxtı qabaqla..

Sən buna layiqsən hər cürə haqla..