AY Bəniz Əliyar : - Yəqin indi otağını yığışdırırsan,

Yəqin indi otağını yığışdırırsan,
Qırış düşən örtüyünü açırsan ömrün.
Həsrətimi bir gecəyə sığışdırırsan,
Mənsizliyi yola verib yatırsan hər gün.
Qələmini yağlayırsan kədərlə, qəmlə,
Kimsə görmür bu ömürdə vurnuxduğunu.
Güzgülərdə gördüyünü qatırsan ömrə,
Xəyaldımı, gerçəkdimi, kim bilər bunu...
Yollar uzun, ayaq bezər, gözlər ərinər,
Hisslər belə mürgü döyər, susar, nə isə...
Əlin qalxmaz sinəndəki ürək yerinə,
Qorxarsan ki, əlindən də ürəyin küsə.
Qapındakı qəfil səslər boşluğa atlar,
Biri gəlib soruşdurmaz kim olduğunu.
Ovucunda bir ümidin çiçəyi çırtlar,
Bilməzsən ki, cənnətdimi, cəhənnəmmi bu.
Nəfəsimlə isitdiyim soyuq daş-divar
Xəyalından silə bilməz sükutun izin.
Nə yaxşı ki, otağında pəncərələr var,
Pərdələri aşıb gələr quşların səsi.