Arzu Əsəd : - CHP-nin Atatürkü ilə tarixin Atatürkü...

Tarixdə elə obrazlar var ki, onlar yalnız öz fərdlərinin deyil, həm də təmsil etdikləri millətlərin arzu və ideallarının obrazlarıdır. Mustafa Kamal Atatürk bu obrazlardan biridir. Ona qarşı savaş açmaq bütün millətə qarşı savaş açmaq deməkdir. Ona güllə atmaq havaya, suya güllə atmaq kimi səmərəsiz, nəticəsiz, ağılsız bir şeydir.
Atatürk yalnız bir inqilabçı, devrimçı, ideya rəhbəri olmayıb.Onun adı həm də tarixə türk dövləti və millətinin qurtuluş rəmzi kimi daxil olub. Amerikanlar Amerikanın qurucu liderlərini yüz illərdir necə boyük hörmət və sevgi ilə yad edirlərsə, türkiyəlilər və bütun dünya türkləri də onu iləl-əbəd tarixlərində elə saxlayacaqlar. Atatürkün idealları, ilkələri yalnız hər hansı bir partiyanın nizamnaməsində deyil, bütün ölkənin Ana yasasında bərqərardır.
Bu ilkələri yaşadan, yaşatmaq istəyən partiyaların mövcudluğuna kimsə bir söz deyə bilməz. Lakin həmin partiyaların öz mənafeləri uğrunda Atatürk adından istifadə etmələri, onu butöv xalqa və dəyişən tarixi inkişafın şərtlərinə qarşı qoymaqla bu addan sui-istifadə etmələri, bu adı ağılsız və qərəzli şəkildə istismar etmələri də hakimiyyətə gəlmələri üçün onlara heç bir yardım etməyib və görünən odur ki, yenə də etməyəcək. Lakin CHP tənqidçilərinin də, xüsusilə bizim ölkədə, "kamalizm çökür", "atatürkçülüyün süqutu", "kamalizmin sonu" və sair ifadələri işlətməməsi lazımdır.
CHP-nin Atatürkü ilə tarixin Atatürkü, Türkiyənin və bütün dünya türklərinin Atatürkü başqa-başqa anlayışlardır. Bu tarixi-nəzəri tələyə düşməməli, qaş qayıran yerdə vurub gözü də çıxarmamalıyıq. "Nə mutlu türkəm deyən" Atatürk bu gün hakimiyyətə gəlmək üçün İstanbul meydanlarında erməni daşnakların, PKK terroristlərinin, yunan seperatçıların əlini öpən CHP zehniyyətinin Atatürkündən yerlə göy qədər fərqlidir.
Ona görə də bu mübarizə fonunda "ataturkçülük", "kamalizm" kimi termin və ibarələrin işlədilməsi, onların mübahisə və müzakirə predmetinə çevrilməsi qarışıqlığa, həqiqətin təhrifinə gətirib çıxarar və demokratiya istəyən həqiqi vətənpərvərlərə qoşulub meydanlara axışan, dövlətə, dövlətin asayiş güclərinə qarşı təxribat törədən, ölkəni atəş və qan ocağına çevirmək istəyən antitürk terrorist əlaltılarına və onların dünya çapında havadarları olan Türkiyə düşmənlərinə xidmət etmək demək olar. "Atatürkçülük", "kamalizm" mövzusu elmi-tarixi mövzudur və onun müzakirəsinin yeri və zamanı belə qarışıq böhranlı bir dövrün deyil, daha sakit zamanların auditoriyalarıdır.