Adilə Nəzər: - BU ÖMRÜ SÜRÜYÜB APARACAĞAM

Gündəm 10:00 / 14.05.2025 Baxış sayı: 1141

 

 

Göydə şimşəklərə çaxma demirəm,

Desəm göy qurşağı inciyər məndən.

Gözümün yaşına axma demirəm,

Axıb süzüləcək incə yerindən.

 

Göz yaşı gözümün nurun artırır,

Bilirəm nə üçün ağlayıram mən.

Üzümün, gözümün təbəssümünü,

YARın görüşünə saxlayıram mən.

 

Ruhun libasını bu gün bu yerdə,

Kimi nazik geyər, kimisi qalın.

Bu ömrü sürüyüb aparacağam,

Elə başı açıq, ayağı yalın.

 

Sevinmə, qalmaram əldə-ayaqda,

Dönmərəm hər könlün rübabına mən.

Sarıllam vüsala aparan yolda

Bir eşqin ən dadlı şərabına mən.

 

Bilirəm, dediyim xoşuna gəlir,

Onun bəyəndiyi gözüm üstədir.

Bir gün Sevgilimə deyəcəyəm ki, -

Könlüm cənnətinin ətrin istəyir.