Ayaz Arabaçı : - QARŞIYAM...

Ədəbiyyat 10:14 / 15.05.2025 Baxış sayı: 1775

Üstümüzdə bayrağını əsdirən,

Məzəmmətə, məlamətə qarşıyam.

Aydınlığa yolumuzu kəsdirən,

Min-min qara əlamətə qarşıyam.

 

Çox sınadım qələmimi biçində,

Az adam var ucalığı bu çində,

Bağrıyanıq arzuların içində,

Düşdüyümüz zəlalətə qarşıyam.

 

Kimdi itkin sərhədlərə yas tutan,

Səsimizi ağzımızda bas tutan,

Bu torpağın damarında pas tutan,

Sükunətə-ətalətə qarşıyam..

 

Bir vətənəm, ortasından çay bölən,

Nə çox bölüb adımıza vay bölən,

Lap istəyir Allah olsun pay bölən,

Mən bu cürə ədalətə qarşıyam.

 

Sən ey müfti, az bu xalqı robotda,

Eyni nağıl yordu bizi bu notda,

Köçünü çək, ayrı yerdə get otda,

Mən bu çürük cəhalətə qarşıyam.

 

Oturubdu göbəkləri kürsülü,

Təpəmizdə hər dərənin ünsürü,

Millət üçün işləməyən bir sürü,

Qanun adlı hər alətə qarşıyam.

 

Köməyimdi tək ilhamım, tək təbim,

Sabir olub, Hadi olub məktəbim

Uzandıqca uzanmasın mətləbim,

Mən bu hala, bu halətə qarşıyam.