Saqif Qaratorpaq : - Sən də getdin...demək belə...

Sən də getdin...demək belə...
Sən də hamı kimisən.
Indi özgə bir limana
Yelkən açan gəmisən.
Ayrılığın nəğməsini
Yaxşı bilir küləklər.
Biz susmuşuq...halımıza
Qoy ağlasın mələklər.
Mən dənizi sevdiyimdən
Bizi sular ayırdı.
Nə biləydik,bu sevdanın
Üzü qəmə sarıydı.
Həsrət çəkib qılıncını,
Bu edamdan aman yox.
Göz yaşında boğulanın
Xilasına güman yox.
Nə fərqi var,lap istəsən
Hər günahı bəxtə yaz.
Daha yoxdu,gəmilərə
Əl eləyən qızçığaz...
Ha çırpınsaq,bir sahilə
Atmaz bizi dalğalar.
Bir əlindi,bir dizindi...
Bir də susan dörd divar...