Ağaevli Əli Hacı : - Ürəyimin ayaqları tutulmuşdu...

Ürəyimin ayaqları tutulmuşdu,
baxışlarım əl açıb dilənirdi !
üstümdəki ağ paltarın
rəngini qara görürdüm !
Məni ovutmaq üçün,
dünya göy üzündə yellənirdi,
tənhalığımın bağırtısından,
əlçatmazlığın içində ölürdüm !
Sevgim al-qanımın içində,
istəyim buxovlanmışdı dilimin ucunda !
Uzun məsafə var idi,
yaxşı olacaqlara !
Sevincimisə vaxt öldürürdü,
dərdlərimin bir küncündə !
O,əsrdən,bu əsrə daşıdığım
yükün ağırlığı əymişdi belimi !
Günəş də quruda bilmirdi,
əzablarla islanmış günümü !
Nə yaxşı,
RUHUM əyilmədi kimsəyə ,
ürəyimin əllərindən tutub yeritdi !
Baxışlarıma qılınc çalmağı öyrətdi,
qara gördüklərimi atıb kisəyə,
yandırdı tənhalığımın içində,
və təzədən məni göyərtdi !