Adilə Nəzər : - Mən hərdən səssiz danışıram,

Mən hərdən səssiz danışıram, elə-belə, öz-özümə. Dedim bu gün səsli danışım..
Dinləyin.
___________________________________________
Dünən axşam hörmətli şairimiz Vəli Qaraçaylının Yubiley tədbirindən (Bir daha təbrik edirəm!) qayıdırdım. Metroya gəldim, hamı qatar gözləyirdi. Baxdım... inanın mənzərə adamı dəhşətə gətirirdi.. - əlindəki telefonun "içinə girməyən" adam yox idi.
Yenə öz-özümə danışmağa başladım...
Hamı danışır, amma heç kim qulaq asmır. Kapitalizmin yalqızlaşdırdığı və yanlışlaşdırdığı adamlar günü-gündən daha dərin mənəvi boşluğa düşürlər.
***
Gəncliyini oxumaq, iş tapmaq, karyera qurmaq, ev, ailə olmaq üçün çırpınan, cavanlığını borc, kredit, vergi, sığorta və cərimələrlə sıxıntı altında tükədən insanlar yaşlananda bu işlərin heç də belə olmadığını anlamağa başlayırlar. Amma daha iş-işdən keçmiş olur, əvvəlki gücün olmur, nə susa bilirsən, nə danışa.. Başlayırsan öz-özünə danışmağa. (bu arada mənimki qocalıqdan deyil, elə uşaqlıqdan beləyəm ...
***
Aylıq xərclərini qarşılamağa çalışmaqdan güzgüdəki üzü üçün darıxanların, heç vaxt anı yaşaya bilməyənlərlərin, əllərinin qabarı getməyənlərin, gözlərinin nurunu yazıb-oxumaqda, öyrənib-öyrətməkdə itirənlərin və bunun əvəzində haqqı yeyilənlərin vəbalını ödəyəcəklərmi onları sömürənlər?!...
Bu, hər şeyi olan, amma heç nəyi olmayan İNSANın dramıdır.
***
Bütün ödəmələrinin tarixlərini əzbər bilənlər bəzən ad günlərini xatırlamırlar.
***
Cib telefonunun ekranını zədələməməyə və sındırmamağa diqqət edənlər asanlıqla ürəkləri qıra bilirlər.
***
Varlıyam deyib ortalıqda gəzənlər ən simic adamlardı.
***
Ortabab sağlamlığımızı daha da pozan, sonra dərmanını “axtaranlar” “həkimlər” gündən-günə çoxalırlar. Ondan sonra biz vətəndaş yox, kimlərinsə “müştərisi” oluruq. Sağlamlığı pozulmuş, lakin mütləq dərhal ölməməli və heç vaxt sağalmamalı olan müştərilər. Axı biz sağalsaq və ya ölsək dərmanları kim alacaq, faizlər necə gələcək?! Və sair və ilaxır...
Bu problem olduqca ciddi və aktualdır, hamının bildiyi və həllinin hardasa mümkün olmadığını da bildiyi üçün düşünmək belə istəmirəm.
***
Tülkü qarnını doyurmaq üçün qarşısına çıxan fermaya girir və hindəki bütün toyuqları yeyir. Vəziyyəti görən fermadakı digər heyvanlar tülkünün ətrafına yığışıb soruşurlar ki, ay qardaş, niyə belə etdin, yazıq toyuqların günahı nə idi?
Tülkü gülümsəyib deyir: "Onların iti dişləri yox idi. Bundan böyük günah varmı?"
Kəskin dişlərə sahib olmağa çalışın. Kimisə yemək üçün deyil, kiminsə tərəfindən yeyilməmək üçün!
Hardan baxsan həyat mübarizədir.
P. S, Ardını da sonra yazaram....