Faiq Balabəyli : - BİR OĞLAN VARIYDI..İNDİ TANIDIZ?

Ədəbiyyat 08:07 / 15.05.2025 Baxış sayı: 1399

 

Bir oğlan varıydı, siz tanımazsız

saçı sapsarıydı, üzü də çiç-çil,-

demə görməmişəm – sığırçın kimi.

Quş kimi cəld idi, uçub keçirdi

öz doğma kəndinin təmiz havasın

elə səmadaca qucub keçirdi-

belə böyüyürdü, - siz tanımazsız.

 

Atası fağır bir kənd kişisiydi,

anası dünyanın əzab çəkəni,-

ürəyi qübardan düyün-düyündü.

Tanrı ruzusuydu qəmi kədəri

həsrəti bol idi, löyün-löyündü-

elə dərd çəkirdi – siz tanımazsız...

 

Bir oğlan varıydı, görmürdü heç kəs

onun ürəyindən su içib keçən

gözündən boylanan həyat eşqini.

İndi nəzmə çəkir, misraya düzür

o kənddə qarıyan boyat eşqini.

Bir oğlan varıydı, siz tanımazdız

 

boyundan yuxarı boylanardı hey.

Yağan yağışlara, çaxan şimşəyə

gecələr ulduza, gündüzlər Günə

əlini uzadıb boylanırdı hey.

Düşüb istəyinin ardıyca getdi

O kəndə-kəsəyə sığışammadı.

 

Uçdu qanadlanan arzularıyla

bir yerə, bir küncə yığışammadı

Gözünün nurunu itirdi yolda

qəlbinin istəyi bitmədi heç vaxt

ayağı apardı onu o kənddən

ürəyi o kəntdən getmədi heç vaxt.

İndi də gecəsi, gündüzü yoxdu

ona irad deyib onu qınadız.

 

ağır imtanahandan keçən ürəyi

təbib əllərində döyündü quş tək

Yüz dərdi məlhəm tək içən ürəyi

çırpındı qalmadı sinə də daş tək.

Bir oğlan varıydı...

indi tanıdız?