MƏDƏNİ İRSİMİZİ ÖZÜNDƏ ƏKS ETDİRƏN GÖYƏZƏN QALASI.

MƏDƏNİYYƏT 12:23 / 14.05.2025 Baxış sayı: 5006

 

     Qədim yaşayış məntəqəsi hesab olunan Qazax təbii- coğrafi şərait və strateji mövqe baxımından çox əlverişli ərazidə, ulu Oğuz təpələrindən baş alıb gedən Ağstafa (Oğuztəpə) çayının sağ- solunda yerləşir. Hər cəhətdən tarixə öz möhrünü vurmuş, Azərbaycanın qərb qapısı sayılan Qazax rayonu tarix və mədəniyyət abidələri baxımından çox zəngindir. Bu abidələrin hər biri təbii quruluşu, insanlara gərək olması və haqqında düzülüb- qoşulmuş əfsanə, rəvayət və nağıllarla tanınır, yaşayır, öz ömrünü uzadır. Bu ərazidəki təbiət abidələrindən ən məşhur, maraqlı və ecazkarı rayonun Abbasbəyli kəndində yerləşən  Göyəzən dağıdır.

 Göyəzən dağı “Avey” Dövlət  Tarix – Mədəniyyət  qoruğunun ərazisində  ən  böyük  tarixə  malik  olan  abidələrindən biridir. Qazax   rayonunda  öz hündürlüyü, əsrarəngiz  gözəliyiyi, füsunkarlığı  ilə  insanı  heyran  edən  Göyəzən  dağı  Ağstafa çayının qolu olan Coğaz çayının sağ sahilində yerləşən vulkanik mənşəli dağdır. Heç bir dağa, təpəyə bitişik deyil təkdir. Zirvəsi nisbətən yastıdır,  kiçik meydançanı xatırladır.

 Göyəzən dağı tabaşir dövründə püskürmüş, vulkanın yerində əmələ gəlmişdir.  O zaman hirslə püskürən və nə vaxtsa səngiyib öləziyən vulkan daşlaşıb nəhəng Göyəzən dağını yaratmışdır.  Göyəzən dağının yer səthindən nisbi hündürlüyü 250 m, dəniz səviyyəsindən hündürlüyü  900 m -ə yaxındır. Qazax  şəhərindən 20 kilometr soldadır. Əsrlər və qərinələr boyu təbiətin cənginə məruz qalaraq  xeyli qıvraqlaşmış, balacalanmışdır. 

    Dağın adı, daha doğrusu adının açması barədə  mühazirə və yozmalar çoxdur. Qədim türk (Azərbaycan ) söz və ifadələrinə əsaslanan mütəxəsislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi  mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə “Küy əzən” kimi izah edirlər. Şairlərin, yazıçıların fikirincə isə dağın adı “Göy dələn” , “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir. Göyəzən qərbdə Günən dağından (yeri gəlmişkən: “Günən” qədim türk dilində “gün enən”, “gün batan” deməkdir) şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir.  Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir.

    Göyəzən həqiqətən göyə ucalan, göyü dələn, nəhayət ki, əzəmətli, vüqarlı bir dağdır.

     Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin tikililərin qalıqları indi də mövcuddur. Dağın bir tərəfindən başdan – başa hasar çəkilmişdir. Burada orta əsrlərə aid   yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. Dağın cənub- qərbində, qayalar arasında, çıxılması mümkün olmayan yerdə böyük bir mağara vardır. Onun yolu məlum deyildir. Dağın ətəyində köhnə qəbiristanlıq və dəyirman yeri vardır. IX- XII yüzilliklərə aid edilən  qədim tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala - şəhər olduğunu söyləməyə imkan verir.

      Göyəzən dağında yerləşən, dövlət qeydiyyatına  götürülmüş tarixi abidələrdən biri inventar nömrəsi 4534 olan Göyəzən  qalasıdır.  Bu abidə yerli əhəmiyyətli, memarlıq abidəsidir. XIV əsrə aid edilir.

      Göyəzən dağı ətrafında digər qeydiyyata götürülmüş, inventar nömrəsi 1234 olan abidə isə Yaşayış yeri adlanan ərazidir. Qazax rayonunun Abbasbəyli kəndindən  400 metr aralıda yerləşir. Arxeoloji qazıntılar zamanı ilk orta əsrlərə aid olub.

       Göyəzən dağında erkən orta əsirlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır. Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı  qəbir daşı onun ətafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü və mənsubiyyətini müəyyən etmək üçün “Avey” qoruğunun və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun  mütəxəsisləri birlikdə tədqiqat aparmışlar və üzərində xaç və ornomentlər həkk olunmuş bu məzar daşının Qafqaz Albaniyası dövrünə aid olduğu qənaətinə gəlmişlər. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Ay ilahəsi “Humay” məhəbbət, bərəkət, sağlamlıq rəmzidir. Bu rəmz vaxtilə Babilistanda, Aşurda, Azərbaycanda geniş yayılmışdır. Humay adına ilk dəfə Gültəkin abidəsində də rast gəlinmişdir. Məzar daşı XII- XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki qədimi kompozisiyalarla həm dini simvol və dekor mahiyyeti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər Avey məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır. Digər tərəfdən qəbirüstü daşın VII-VIII əsrlərdə inşa olunmuş möhtəşəm Avey alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması, onun məhz  ilk orta əsrlər dövrünə  məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir.

       Göyəzən dağı ətəyində aşkar edilmiş qəbir daşı orta əsirlərə aid edilir. Qafqaz Albaniyasına məxsusluğu heç bir şübhə doğurmayan bu daşın kilsənin giriş qapılarının sütunlarında olması da güman edilir. Üzərindəki xaçın alban xaçı olması heç bir şübhə doğurmur. Naxışlar isə gözəllikdə və zəriflikdə xalça ilməlrini xatırladır. Eksponantların üzərindəki quş, keçi, ilan şəkilləri və bəzək əşyaları daha çox yayılmışdır.

          Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbristanlıq varsa orada yaşayış məskəni də olub. “Göyəzən” dağının ərazisi də qədim yaşayış məskəni olmuşdur. Hal- hazırda qoruğ ərazisində yerləşən qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədi ilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.

          Bu cür eyniliklərə Qədim Naxcıvan torpaqlarında da rast gəlmək olar. Naxcıvan torpağının tunç dövrü eksponantları üzrə tapılan naxışlarla bağlı aparılan araşdırmaları nəticəsində belə nəticəyə gəlmək olar ki, eksponantların bəzədilməsində istifadə olunan naxışlar sənətkarlıq bacarığı ilə bağlı olmuşdur. Onların ölçü və özəlliyinin bir- biri ilə eyni olmasının səbəbi eyni sənətkar tərəfindən hazırlanması, ayrı- ayrı sənətkar emalatxanasının məhsulu olmasıdır.     Materialın üzərinə çəkilmiş hər bir naxış onları bəzəməklə yanaşı eyni bir məna verməkdədir. Bəzəklərdə istifadə olunan naxışlarda milli özəlliklərlə yanaşı digər bənzərliyinin olması fərqli bölgə insanlarının maddi və mənəvi mədəniyyətlərində də bənzərliyini sübut etməkdədir.

Göyəzən dağı ətrafında novbəti qazıntı işləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun və Sənətşünaslıq üzrə elmlər doktoru, dosent İmaş Hacıyevin rəhbərliyi ilə “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilmişdir. Qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılmışdır.

Birinci istiqamət, Göyəzən dağında yer səthindən təqribən 400 m. hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiqi olmuşdur.

İkinci istiqamət, Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılarla kəşfiyyatın aparılması idi.

Birinci istiqamət üzrə Göyəzən qalasında müxtəlif məqsədli iki tədqiqat aparıldı:

birincisi- qalanın sahəsinin ölçülməsi,

   ikincisi- qalanın inşa dövrünün müəyyən edilməsi.

   Ölçmələrdən bəlli oldu ki, qalanın bürcləri 6 m. diametrindədirlər. Bürclərin mövcud hissələri təqribən 4 m. hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17 m, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 m. uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111 metrdir. Bürclər arasında divarların uzunluğu 20-22.5m. arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 metrdir.

   Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3x3) m2 sahəsi olan şurf qoyuldu. Qazıntılar zamanı müəyən edildi ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Həmçinin, zamanla bürc və divarlardan qopan qaya parçaları da bərkidici daş kütləsini artırırdı. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edildi.

  Göyəzən qalasında sovet dönəmində ilkin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova aparmışlar. Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqlar dünya elmi çevrələrində guya bu qalanın “qədim ermənilər” tərəfindən inşa edilməsi barədə saxta fikirlər yayıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin, qalanın coğrafi lokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur.  Cari arxeoloji tədqiqatlar göstərdi ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir.

       Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünün nisbətən daha dəqiq müəyyən edəcək radiokarbon analizləri üçün götürülmüşdür.

         Qeyd edək ki, qaladan daha 200 metr yüksəklikdə də tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olmuşlar. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.

        Arxeoloq Pərviz Qasımovun  ilkin ehtimalına görə, bu ərazidə möhtəşəm alban xristian dini məbədi olub

  Pərviz Qazımov həmçinin bildirib ki, Albanşünas arxeoloq Natiq Alışova görə, islamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçib. Bu isə, erkən islam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir.

      Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm  abidənin aşkar edilməsi ilə nəticələndi.

 

“Avey”DTM qoruğunun Elmi işçisi Baxşiyeva Gülmirə Ağamalı qızı.