Musa Ələkbərli:- MƏNƏ DƏYƏR VERDIN...

Yazıçı, alim dostum Yasif Nəsirliyə
Məni öz gözümdə böyüdən kişi
Əlinin üstündə Tanrı əli var.
Xeyirxah istəyə köklənən işin
İlahi sədalı gəlhagəli var.
Şeirimə bələdsən illərdən bəri
Dedin sən layiqsən o ada, layiq.
Ay sənət sərrafı, şeir zərgəri
Mənə dəyər verdin ustada layiq!
Üfüqlər boyunca sözün mənzili
Uzandı, qovuşdu ərşi-əlaya.
Nə yaxşı ki, varsan dil açır dilim.
Necə minnətdaram sənli dünyaya.
Haqq harda, sən orda, ucadır yerin
Xəyalən uçuram mən də yanına.
Qədir bilənisən sənətin, şeirin
Heyranam zövqünə, alim şanına!
Dedin sən layiqsən bu ada layiq.
Mənə dəyər verdin ustada layiq.
Yolumda, izimdə söküləndə dan
Gecikdim, yadlandım şöhrətə, ada.
Sağlam can umuram uca tanrıdan,
Ayrı umacağım yoxdu dünyada!
Mənə “yaxşı şair” deyirsə hamı,
Yoluma daş yığan bə kimdir mənim?!
Dövrümün mötəbər ali adamı,
Verdiyin bu dəyər bəsimdi mənim!!!
08.05.2025