SÜLEYMAN ABDULLA. : - YOXUN ŞEİRİ

Ədəbiyyat 11:19 / 15.05.2025 Baxış sayı: 1494

 

Quru yurd yerində quruca canıq,

Bizim varımız yox, dövlətimiz yox.

Əli ətəyindən uzun olanıq,

Bizim varımız yox, dövlətimiz yox.

 

Arada çəkilir şişə ətimiz,

Heçdir qərarımız, boşdur qətimiz.

Sağ olsun, var olsun hökumətimiz,

Bizim varımız yox, dövlətimiz yox...

 

Haqqın tərəzisi çox əyir, amma,

Olmur çığır, mələ, lap bəyir, amma.

Yükləyən çox gözəl yükləyir, amma

Bizim varımız yox, dövlətimiz yox...

 

Doğma olanı kim, yad olanı kim,

Çoxdan bağlayıbdır qəlb yaramız sim.

Neyləsin qalanlar dövlətdən yetim,

Bizim varımız yox, dövlətimiz yox...