Zəka Vilayətoğlu - Zəhmətdən qorxum yox
Zəhmətdən qorxum yox, çəkməkdir peşəm,
Bilməm, qarışqamı, arımı ömrüm!
Nədir topladığım, şirəmi, balmı,
Mənim bu minvalla yarımı ömrüm?
Bir kərə "yoruldum" demədi dilim,
Zəhmətlə yaşandı hər ayım, ilim,
Bundan sonrasını eh, mən nə bilim,
Sünbülmü, buğdamı, darımı ömrüm?
Həyatın hər zaman yolu yoxuşdur,
Nə qədər yoxuşsa, o qədər xoşdur,
Bəlli ki baharın sonunda qışdır,
Uca zirvələrin qarımı ömrüm?!
Yazda çıçəyini döydü küləklər,
Barlı budağını əydi küləklər,
İndən sonra Zəka, de, nəyi bəklər,
Həyat bağçasının barımı ömrüm?!