Bəhram Bilaloğlu -  Eldar   şamının  aqibəti...

YAZARLAR 13:47 / 12.07.2026 Baxış sayı: 1764

Kəndin girişində uca bir Eldar şamı vardı. Hər yaz budaqları yaşıllaşar, payızda isə üzərində xırda meyvələr görünərdi. Uşaqlar hər gün onun yanından keçər, lakin heç biri o meyvələrə əl uzatmazdı. Çünki hamı bilirdi ki, o meyvə yemək üçün deyil.

Bir gün kəndin müdrik ağsaqqalı ağacın kölgəsində oturmuşdu. Yanına varlı bir kişi gəldi. Qürurla dedi:

— Oğluma hər şey vermişəm. Ev də almışam, maşın da, torpaq da. Mən övlada borcumu yerinə yetirmişəm.

Ağsaqqal gülümsədi, Eldar ağacını göstərib soruşdu:

— Bu ağacı görürsən?

— Bəli.

— Meyvəsi də var. Bəs ondan yeyən varmı?

Kişi təəccüblə:

— Yox, o meyvə yemək üçün deyil, — dedi.

Ağsaqqal başını aşağı saldı:

— Elə sənin qoyduğun miras da o meyvəyə bənzəyər. Təhsilsiz, tərbiyəsiz övlada verilən var-dövlət fayda verməz. Elmsiz sərvət sahibini deyil, sahibini axtaran yadları sevindirər.

Kişi susdu.

Ağsaqqal sözünə davam etdi:

— Övladına verdiyin naz sabah onu həyata hazırlamayacaq. İşvə çətin günün çörəyi deyil. Oxumayan ağıl mirası qoruya bilməz. Atanın qoyduğu evi bir gün sata bilər, amma aldığı elm ömrünün sonuna qədər onunla qalar.

O gün kişi ilk dəfə anladı ki, övlada qoyulan ən böyük miras açar deyil, açarı işlədə biləcək ağıldır; ev deyil, evi qoruyacaq tərbiyədir; pul deyil, halal zəhmətlə qazanmağı öyrədən təhsildir.

Eldar ağacı isə yenə də susurdu. Budaqlarında meyvə vardı, amma o meyvədən yeyən yox idi...