Təranə  Məmməd - Qəlbimin təranəsi

Ədəbiyyat 13:22 / 13.07.2026 Baxış sayı: 458

 

Həm bəmdə yerim var, həm zildə varam,

Kamantək titrəyib, neytək ağlaram.

Bir tütək səsinin həzin əksiyəm,

Özüm öz qəlbimin təranəsiyəm.

Qəmim də mənimdir, dərdim də mənim,

Nifrətim mənimdir, sevgim də mənim.

Hərdən həzin-həzin səslənəsiyəm,

Özüm öz qəlbimin təranəsiyəm.

Ümidim tükənib, cəhdim əbəsdir,

Əzəldən bəxtimin ünvanı tərsdir.

Sözləri nisgilli gəm nəğməsiyəm,

Özüm öz qəlbimin təranəsiyəm.

Gərdişi-dünyadan şikayətim yox,

Ömrün müddətinə zəmanətim yox.

Bir gün son nəğməmi söyləyəsiyəm,

Özüm öz qəlbimin təranəsiyəm.