Yaşadıqlarını yazan Hacı Firudin Süleymanoğlu - Əbülfət MƏDƏTOĞLU yazır

YAZARLAR 11:37 / 02.11.2026 Baxış sayı: 156

Onun “Babamla söhbəti” masamın üzərindədir

Bu dünya  təkcə  dağı, çayı, dərəsi, bulağı, çeşməsi, şəlaləsi, hətta binaları, maşınları ilə gözəl və yaddaqalan deyil. Bunlar bütövlükdə bir təbiətin bizli-bizsiz bəxş etdikləridir, bir də Allah bəndələrinin yaratdıqlarıdır. Maraqlısı budur ki, Allah bəndələri nə yaradırsa, özləri üçün yaradır. Amma Uca Yaradan və onun yer üzünə təbiət adı ilə göndərdiyi güc nə yaradırsa, hamısını insanlar üçün yaradır. Açıq, təmənnasız yaradır. Onların da ixtiyarına verir. Bunlar bəlli bir həqiqətdir. Yəni bunu hamı bilir. Mənim bunu xatırlatmağım ola bilsin ki, o qədər də xoşagələn deyil. Bir növ “çağırılmış bayatı”dır. Lakin və amma…

Bu dünyada bir  məqam da var. Bir seçilən, yaddaqalan, yaşayan və yaşadan məqam - o da SÖZdür! Sözü yaradanlar, yazanlar həm yaşadır, həm də yaşayırlar. Mən bu gün dilimizin işlək və bir az arxaik sözlərin hər birinin arxasında Həsənoğludan tutmuş bu günə qədər yol gələn o qədər simaları görürəm ki. Onların hər biri yaşayan və yaşadan söz adamlarıdır. Doğrudur, onların içərisində zirvələr də var. Boylanıb baxanda adamın başından papağı düşür. Bu başqa mövzudur.

Bu gün həmin o sözlə, söz yaradan dostlarımla bağlı düşüncələrimi bilgisayara diqtə edirəm. Öncədən xatırlatmaq istəyirəm ki, Hacı Firudun Süleymanoğlu yaradıcılığı barəsində əvvəllər də oxucularımızla fikirlərimi bölüşmüşəm. Bu gün isə kitabxanama göz gəzdirəndə yenə diqqətimi “Babamla söhbət” çəkdi. Yəqin ki, bu da səbəbsiz deyil. Çünki Hacı Firudinlə səmimi, halal dostluğumun bir işıqlı tərəfi də bizim yaş fərqimizə baxmayaraq, böyük-kiçiklik, ata-oğulluq, əmi-balalıq kimi nüanslar o qədər içdən gələndir ki, şəxsən mən bu söhbətlərdə yaşımdan xeyli əvvələ, Hacı Firudinin xatırlatdığı zaman kəsiyinə də gedib çıxa bilirəm. Bax onda anlayıram ki, bu gün haqq dünyasında olan atam-anam nələrdən keçiblər, nələri yaşayıblar. Əl qabarı ilə alın təri nəyə qadir imiş. Eyni zamanda Hacı ilə söhbətlərimdə mən yaddaşın işığına da heyrət edirəm. Onun folklorla bağlı söylədikləri bütün ruhumu  işığa bələyir. Çünki gendən, xalqdan gələn Zəmzəm suyu qədər saf, səmimi və düşündürən, həm də məst edəndir. 

 “Babamla söhbəti” bir neçə dəfə oxumuşam. Kitaba ön söz yazmış dəyərli şair, publisist, çox istedadlı televiziya bilicisi Bəxtiyar Qaracanın fikirləri bu kitaba qayıtmağımda az rol oynamayıb. Çünki özünə, sözünə yaxından bələd olduğum Bəxtiyar müəllimin fikirlərinin hər qatında  “Babamla söhbət”in ətri, nəfəsi duyulur. Bunu sübut etmək üçün arqument axtarmağa gərək yoxdur. Çünki ağsaqqal dostum öz misraları ilə sakit, həlim bir şəkildə  oxucuya pıçıldayır. O yazır ki:

Vaxtsız silkələmə bar budağını,
O fidan narlara erkən xal düşər.
Xal düşdü, qoruma xəzan bağını,
Çətin ki, o bağa bir də yol düşər.

Çətin axtaralar səni bar kimi,
Hər narın saralıb-solan vaxtı var.
Çətin ki, gəzələr səni qar kimi,
Qarın da dağlarda qalan vaxtı var.

Bu şeir əslində özündə etdiyi poeziya tutumundan daha çox ağsaqqal bir yazarın həyatda görüb, yaşayıb, gəldiyi nəticənin misralanmasıdır. Yəni kiminsə burda qeyri-adi bir poeziya nümunəsi axtarmaq istəyi mənə elə gəlir ki, gerçəkliklə düz gəlməz. Amma həyatı görmək, yaşananı yaşayanın dilindən eşitmək - artıq bu, reallıqdır. Bunu qəbullanmaq və təqdir etmək, ən azından təcrübə qazanmaq olar.  Mən  Hacının başqa bir şeirində də  həmin o həyat gerçəkliyini necə yığcam ifadə etdiyinin şahidi olmuşam. O yazır ki:

Gördüm gül sifətin damlalar içrə,
Nə gözüm yoruldu, nə canım doydu.
Qabaqda yolum yox, arxada hücrəm,
Mənim həsrətimin yağış toyudur.

Bax bu şeirdə çətiri unutmuş bir insanın yağan yağışın ona nələri xatırlatdığını, nələri düşünməyə yönəltdiyini  və sonda yağışın onun həsrətinin toyuna çevrilməsini çox rahat şəkildə izləmək mümkündür. Yəni müəllif  obrazlı şəkildə bizə toy tutan həsrətə göz yaşının, bu məqamda isə yağışın toy tutmasını söyləyir.  Şeirin bu məntiqi nəticəsi həqiqətən gurşad yağışda, leysanda, çiskində sevənlərin, nisgil çəkənlərin, ayrılıq yaşayanların həsrətlərinə necə qovrulduğunu, hansı hisslər keçirdiyini təsəvvür etmək yəqin ki, çoxlarımızın içindən keçən bir duyğudur. 

Bəzən adama elə gəlir ki, olub-keçənlər  bir ilğımdı, qaranlıqda gözə görünən hansısa işartıdır. Amma yox, bu heç də belə deyil. Çünki əvvəldə də xatırlatdığım kimi yaradan insan hər bir məqamda, hər bir hadisədə nəsə görür, nəsə tapır. Və görüb-tapdığını da qələmə alanda artıq həmin çoxumuzun görmədikləri hamımızın gördüyünə çevrilir.  Məsələn, mən və mənim yaşıdlarım xüsusilə, kənddə dünyaya gəlib həyatla tanış olanlar  tez-tez  o illərə, o yerlərə qayıdır. Təbii ki, xəyalən. Bu qayıdış da bizim yaddaşımızda dünəni təzələyib bu günə gətirir. Daddıqlarımız, tanıdıqlarımız, dünyasını dəyişənlərimiz, hamısı bizimlə bir yerə cəm olur. Biz də həmin anın içində o yanımıza gəlmiş məqamla birlikdə oluruq. Bu şeirdə olduğu kimi:

Bəzən xatirələr qucur keçmişi,
Atamın ocağı yadıma düşür.
Anamın lavaşı, aşı, bişmişi,
Nənəmin qucağı yadıma düşür.

Buxarının hisi, soba tüstüsü,
Ocağı, təndiri, isti kürsüsü,
Qara çölməklərin dadlı pitisi,
Xəşəlin qazmağı yadıma düşür.

Yayda bağımızın bal ərikləri,
Laləzar örüşü, boz gədikləri,
Yovşanı, çoğanı, bol məmikləri,
Çobanın yığmağı yadıma düşür.

Yaxşı yadımdadır atamın sözü:
“Ocağı yandırın, sönməsin közü…”
Bu sözdən quş kimi  o gündən düzü,
Yuvamdan uçmağım yadıma düşür.

Tez- tez araginən sən pir ünvanı,
Günəşdən də isti, doğma yuvanı,
Firudin, yada sal nənə, babanı,
Nisgilin otağı yadıma düşür.

Yəqin ki, oxuduğunuz bu şeirin hər bir misrası sizi də xəyalən haralarasa apardı. Doğulduğunuz bölgənizi, uşaqlığınızı, bir sözlə, dünəninizi ziyarət edib gəldiniz. Hər bir ziyarətdə olduğu kimi özünüzlə nəyisə, nələrisə yaddaş hesabına  bu gün də axtarmağa, tapmağa çalışdınız. Mən də elə həmin istəklə, həmin sevgi ilə sizə təqdim etdiyim şeiri oxudum və gördüm ki, Haci Firudin Süleymanoğlu Naxçıvanda, doğulduğu el-obada yaşadığını misralara köçürdüyü zaman mən də xəyalən Qarabağda yaşadıqlarımı ürəyimə yazırmışam. Deməli, biz ikimiz də, elə sizlər də yaşadıqlarımızı yaşaya-yaşaya bir ömrün yolçuluğunu gerçəkləşdiririk. Bu ömür yolu hər kəs üçün fərqli olsa da, amma başlanğıcla son eynidir. Demək ki, bizə qalır yaşamaq və yaşatmaq! 

Ağsaqqal dostum, ruh doğmam, böyük qardaşım Hacı Firudin Süleymanoğlu yaşayır və yaşadır. Bu, onun ürəyinin diqtəsidir.