Vahid Aslan - YİYƏSİZ QALAN EVLƏR

Ədəbiyyat 09:59 / 02.11.2026 Baxış sayı: 250

 

... Şəhər məni yaman sıxdı,

Bu istidə canım çıxdı,

Soyuq bulaq, səndən yoxdu,

Yoxdu səndən kənd evimiz!ə

 

... Gəldim, kənddə də sıxıldım,

Bir kövrək dərddən sıxıldım,

Yıxıldım, bacım yıxıldım,..

Yıxıldım yiyəsizliyə...

 

Ay bu kəndin cavanları,

Baş alıb hara getdiniz,..

Qulac-qulac intizarı,

Verib qızlara getdiniz,..

 

Tənha qoymazdınız barı,

Bu ağlayan divarları,

Külək söküb barıları,

İtibdi ot içində iz;

 

Pas atan qıfılı qalıb,

Qapıdan asılı qalıb,

Həsrətə qısılı qalıb

Kimi gözləyirsən, ay ev!

Sonuncu şamı verir can,

Tüstüsü çıxmır bacadan,

Niyə belə tez qocaldın,

Niyə sızlayırsan, ay ev!

Qapıları döyən yoxsa,

Budağını əyən yoxsa,

Yoxsa, sənin yiyən yoxsa,

Kimi gözləyirsən, ay ev!

Kim hörmüşdü bu hörgünü,

Daşlarında qəm mürgülü,

Bir qərib dərdə bükülüb,

Kimi gözləyirsən, ay ev!

El töhməti səni yıxdı,

Uşaqlar vəfasız çıxdı,

Yollara baxıb, şər vaxtı

Kimi gözləyirsən, ay ev!

... Şəhər məni yaman sıxdı,

Bu istidə canım çıxdı,

Soyuq bulaq, səndən yoxdu,

Yoxdu səndən kənd evimiz!

03.02.2000