Kəmaləddin Qədim- MƏN ELƏ BİLDİM Kİ...
Dayanıb baxırdım boynu bükülü,
Birdən gülümsədi şəhər üzümə.
Mən elə bildim ki, sən gəldin, gülüm,
Elə bil açıldı səhər üzümə...
Necə içdəndilər, necə candılar,
Ötdü şirin-şirin dillər nə gözəl.
Adamlar nə qədər mehribandılar,
Çiçəklər nə gözəl, güllər nə gözəl...
Beşdən birisiydin, üçdən birisi
O həmin ucalıq, qürur içində.
Həmindin, o elə içdən birisi,
Üzürdün yenə də nurun içində...
Sən demə adın da bəsiymiş mənə,
Başımın tacıymış, yaraşığıymış...
Mən elə bildim ki, sən gəldin yenə,
Demə, pəncərəmdə ay işığıymış..