Şahnaz Şahin - Qalib quşlar olacaq
Esse
“Həyatı yaşamağın iki yolu var, biri heç bir şey möcüzə deyilmiş kimi, digəri isə hər şey möcüzəymiş kimi yaşamaq.” Eynşteyn.
Insan zamanla əvvəllər alışdığı bir çox şeyə sonra yadırğayır, hətta bəzən unudur. Bu, bir vaxt can bir qəlbdə olduğu dostu da ola bilər, doğması da. Lap hər hansı vərdişi də, sevdiyi işi də. Hələ şahanə duruşunu da, yerişini də, sağlam düşüncəsini, çətin gündə güvəndiyi ağlının özünü belə... Məsafələr sənə zarafat gəlməsin, Əli Kərim demiş “araya dağ-dərə salan” həsrəti, ayrılıqları heçə sayıb keçmə, dayan...
Qələmi iti, zəkası aydın, zehni açıq olan, ədəbiyyata öz bədii təfəkkürüylə sanballı əsərlər bəxş edən bir yazıçı son vaxtlar yazı vərdişini yadırğadığından şikayətçidi. Uzun illərin ayrılığından sonra yenidən əvvəlki hərarəti bərpa edib birlikdə olmağa qərar verən iki insan bəzən bir ocaqda kösöv olur, amma alışıb köz sala bilmir. Saçının birini ağ, birini qara hörüb itkin bildiyi nişanlısının yolunu gözləyərək ailə qurmayan xanımı qınaya bilmərəm. Amma doğru və ya yanlış addım atdığını bu gün bəlkə heç özü də dəqiq bilmir...
Bəşəriyyətin ən böyük faciəsi olan müharibələr təkcə ölkələr arasında getmir ki, bəzən insan, ağlının ucundan belə keçirmədiyi xəstəliklə illərlə dava etməli olur. Görünməyən düşməni yenmək isə heç də həmişə asan başa gəlmir. Bəzən bütün vucudun yığılıb bir düşmənlə qeyri-bərabər döyüşə atılmalı olur, onun yaratdığı daxili sarsıntı, çarəsizlik sindromu insanın psixologiyasını da, sinir sistemini də zədələyir. Hələ bu, tibbin qarşısında aciz qaldığı, köklərindən baş çıxarmadığı bəladırsa onda şərtlər bambaşqa olur, yollar isə naməlum istiqamətlərə dəyişir. Sən də əllərini qoşalayıb;
Tanrım özü bilir, bilir nəyim var,
İstəsə şəfanı yox yerdən verər.., deyib asılırsan ümidindən...
Hər insan bir fərddir, taleyi də, qisməti də, lap mübtəla olduğu xəstəlik, buna görə aldığı müalicə, bədənin rezistentliyi, qəbul etdiyi dərmanlara reaksiyası və baxışı da fərqlidi. Kimisi xəsətəliyin qapısına vurduğu topu vaxtında tutar, özünü cəmləyib əks hücuma keçər, başqa biri elə bircə zərbədən nakauta düşər. Birinə həyat iksiri olan ilac digərinin telini tərpətməz!.. Hər bədənin öz dili var, o hər dildən anlamaz. Xoş halına bədəniylə dil tapa bilən kəslərin... Xoş halına dərdi dərmana dönən kəslərin... Və xoş o xəstənin halına ki, “təbibi qənşər gələr. ”Təbibi qənşər gətirən də uca Yaradan özüdür, dərdin fərmanı da, dərmanı da ondan gəlirsə şükür içindəsən demək.
Dünya çox möcüzələrə şahidlik edib zamanla, çox görmüşük zəif görünən birinin özündən deyən pəhləvanın kürəyini yerə gətirdiyini. Düşünürəm, ümid varsa çıxış yolu da həmişə var, lap bıcaq sümüyə dayandığında, əlin yerdən göydən üzülüb qoynuna kilidlənəndə belə... Tarixə “Fil hadisəsi” kimi düşən, Yəmən hakiminin Kəbəni dağıtmaq məqsədilə Məkkəyə döyüş filləri və böyük qoşunla hücumu zamanı İlahi müdaxilə sayəsində “Əbabil” quşlarının ordunu odlu daşlarla məhv etdiyi kimi...
Hər kəs dünyaya xoşbəxt olmaq üçün gəlir, hər açılan sabahdan, düşən axşamdan möcüzə gözləmək var insan xislətində. Soruşsan hərə bir cür öyər xoşbəxtliyi, hərə bir şeydə görər. O isə hər yerdədir, bir içim suda, bir tikə çörəkdə, bir udum havada, yaşadığın anda, isti bir baxışda, gözlədiyin xoş bir xəbərdə.., eh daha nələrdədir!.. Bir də rahat yatdığın gecələrdə, ağrısız oyandığın sabahlardadır xoşbəxtlik!
Xatirə doğulur hər gündoğanda,
Hər Günəş doğana ümid çoxalır.
Çiçək toplayıram tikan içindən,
Qanayan əllərim qanad çıxarır...
Sağlamlıq da, xəstəlik də insan həyatının, ruhun və bədənin bir parçasıdır. Artur Şopenhauer sağlamlığı hər şeydən üstün hesab edirdi, Rumi müalicədə daxili hüzurun sağaldıcı gücünə inanır, İbn Sina isə xəstəliklərin əlacını bədənin özündə görürdü. Məncə hər üçü haqlı idi. Mən də ağrısız düşəcək axşamın, açılacaq sabahın təntənəsinə inanıram, sən də inan, və əmin ol ki, bu dəfə də qalib quşlar olacaq...