Şakir  Xanhüseyinli - HƏR YARA BİR UÇURUMDU

Ədəbiyyat 09:47 / 02.11.2026 Baxış sayı: 265

 

Bilirəm, yaran dərindi,

dərindi, dibi görünmür;

Yaradan ötədi yaran,

heç yara kimi görünmür...

Hər yara bir uçurumdu,

necə adlayıb keçəsən...

Çox nazikdi dərin, nazik,

bürün bir qalın keçə sən...

Dilindən tez-tez eşitdim:

ocağımdan kül ələndim...

Yola ayaq basan anda,

bax, bir ağrıya dirəndin...

Aş görüm bu yaranı, aş,

nədən qanayır ürəyin;

Neçə arşın üzdədi, gör,

bu yaranın dərinliyi;

Amma görsənmir gözlərə,

duyulan bir dərinlikdi;

Öz-özünə hey eşilən,

oyulan bir dərinlikdi...

Bu yaran kor quyudu həm,

düşüb çıxammazsan, gözlə.

Sanıram bir ocağa da

yara dəyir sönən közlə...

Ağacın yarası kökdən,

ya da bir budaqdan olur.

Adam var ki, yara almır,

qəlbi sac üstə qovrulur...

Ovcundakı qabarlartək

bir hiss könlündə yaradır...

Elə gözündə tutmusan;

acı nə gözü qaradır...

Örtmə yaranın üstünü,

örtmə, qoy açıqda qalsın;

Gəl indi körpüdən keçir

sən bu ömrü ağrılarsız...