Xanım İsmayılqızından İKİ TƏR ŞEİR
Kəpənəklər tikan üstə,
Qərib quşlar yem axtarır.
Fillərin üstə bülbüllər
Səs verməyə dəm axtarır.
Varlıq yoxluğa dirənir.
Ayılar qan iyi çəkir,
Qarğa-quzğun leşə gəlir.
Canavarlar parçalayıb
Çeynəyir nə dişə gəlir.
Aclıq toxluğa dirənir.
Zəhər gəzdirib diş altda,
İlanlar çalmağa hazır.
Şirlər, pələnglər ovdadı,
Canları almağa hazır.
Azlıq çoxluğa dirənir.
Arılar balını qusur,
Öz oxunu itiləyir.
Cırcıramalar oxuyur,
Var-yoxunu itiləyir.
Dərə dağlığa dirənir.
Qarışqaların belindən
Ən böyük yük də yayınmır.
Bayquşlar xaraba gəzir,
Gözündən tük də yayınmır.
Ölüm sağlığa dirənir.
Bu adamdan o adama
Meymunlar atdanır-düşür.
Hələ sağ qalan insanlıq
Qeyrətə atlanır... düşür...
Göz qaranlığa dirənir.
***
Göylər həzin nəğmə çalır,
Yenə həsrət var canımda.
Bulud Aya meyl salır,
Bircə sən yoxsan yanımda.
Külək yenə oyun qurur
Ən kədərli bir anımda.
Yağış yenə yağıb durur,
Bircə sən yoxsan yanımda.
Hər tərəfdə göz izlərin,
Səsin qalıb otağımda.
Yadımdadı o sözlərin,
Bircə sən yoxsan yanımda.
Yuxularım qeyb olubdu,
Buza dönüb yatağım da.
Gözlərimə qor dolubdu,
Bircə sən yoxsan yanımda.
Gözlərinin rəngi qalıb
yanağımda, dodağımda.
Ürəyimdə yuva salıb,
Bircə sən yoxsan yanımda.