Vahid Aslan - Qarşıla məni
Ədəbiyyat
09:26 / 27.07.2026
Baxış sayı: 230
Dağlardan gəlirəm yüküm ağırdı,
Gəlirəm, gözlərin məni çağırdı;
Görsən ki, görkəmim bir az fağırdı,
Mamırlı qaya bil, qarşında məni.
Canımda bir azca dərə yuxusu,
Bir az da çaylar tək coşmaq duyğusu;
Köçüb gözlərimə çiçək qoxusu,
Meşələr bürüyüb yaşıla məni.
Dağ havası uddum havam sərindi,
Bulaq suyu içdim dilim şirindi;
Könlümün şah yeri zirvələrindi,
Qarşıla sevgilim, qarşıla məni.