Tofiq Əmrahov - Şəhidimiz, qorxmazımız...
Və ya "Qana boyanmış çörək".
24 may 1992 il. Todan hər tərəfdən mühasirəyə alınıb. Mərmi, güllə yağışı ara vermir. Düşmən kəndin lap girəcəyinə qədər gəlib çıxıb. Hər tərəf alova, tüstüyə bürünüb. Düşmənin fikri qətidir. Todan alınmalıdır. Todan ermənilərin ürəyinə sancılmış xəncərdi elə bil. Bu xəncəri çıxarıb atmaq, çilik-çilik etmək onların son və qəti planlarıdır.
....
-Qızım, Könül, ələyimizi bura gətir. Un da, su da gətir.
-Nə etmək istəyirsən Ana?!
-Xəmir yoğururam, qızım! Çörək bişirmək lazımdır.
-Ana, görmürsən başımızdan yağan güllə yağışını?
-Qorxma qızım. Todanın igid kişiləri hardadı ki, ermənilər kəndə girə bilsinlər.
-Yox, ana! Gəl başqa qadınlar, uşaqlar kimi biz də çıxaq kənddən.
Elə bu vaxt Qəşəm də özünü çatdırıb həyat yoldaşına: -Siyasət, tez uşaqları da götür kənddən çıx.
-Nə danışırsan a kişi, hara çıxım. Mən heç hara gedən deyiləm. Evimi, kəndimi, qardaşlarımı buraxıb hara gedirəm. Ölsəm də onlarla birgə öləcəm, qalsam da onlarla... Xəmirim hazırdı, təndirə od salıram. Sən uşaqları bir tərəfə çıxar, tez qayıt gəl.
Cabbar da özünü bacısına çatdırıb, bacı tez olun kənddən çıxın, ermənilər kəndi mühasirəyə alıblar, tez olun çıxın, dedi.
-Yox, qardaş, heç hara çıxan deyiləm. Mən sizi qoyub heç hara getməyəcəm. Siz vuruşun, ürəklə vuruşun ki, burada bacınız var. -Mən komandir Tofiq müəllim desəki çıxın kənddən, onda çıxaram. Bilərəm ki, artıq kənd düşmənə təslim olur.
-...
- Yox Siyasət xanım, komandir heç vaxt deməyəcək ki çıxın kənddən.-O, deyəcək ki, düşmən mənim meyidimin üstündən keçib kəndə girə bilər. Heç onda da istəklərinə çata bilməyəcəklər.Meyidimiz də onlara od vurub yandıracaq, külə döndərəcək, külə!!!
-Bişir çörəyini, bişir Siyasət, bişir!
Təndir alovlanır, Siyasət də kündələri yaxına gətirir və öz-özünə mərd qorxmaz qadınlar kişilərin arxa-dayaqları, namus, qeyrətləriyik. Biz yanlarında olsaq, heç vaxt düşmənə təslim olmazlar.
Siyasət xanım birinci çörəyi çıxarıb kənara qoyub, ikinci çörəyi çıxaran anda düşmənin atdığı top mərmisi təndirə, təndirlə qarışıq Todanın bu qorxmaz qadınına tuş gəlir. Onun al qanına boyandı təndir də, çörək də. Ah, nalə hər yanı bürüdü, fəryad qopdu, fəryad! Bu fəryadla əngin səmalarmı titrədi, buludlarmı toqquşdu?! Yoxsa şaxə qalxan dalğalar dənizin dərinliyindən qovub gətirdi bu naləni?! Bu möcüzəli nalədə nələr yatırdı, nələr!
- Dayan, ana!
- Səni tanıdım. Sən Salatınlar anası, Mübarizlər, Poladlar, Natiqlər anasısan!
-....Ehh, Siyasət ana! Sən hardan biləydin ki, bir gün gələcək, sən qəhrəman qadın kimi şəhid olacaqsan, adın Todan tarixinə ilk şəhid qadın kimi düşəcək. Sən hardan biləydin ki, Todanın girəcəyində sənin nur üzlü, mələk üzlü şəklin doğma torpağına qürurla baxacaq! Sən hardan biləydin ki, sənin körpə Daşqının, Arazın, Könülün, Mətanətin ana üzünə, ana sevgisinə, nəvazişinə həsrət qalacaqlar. Və deyəcəklər, hayqıracaqlar:-
Anamız, bacımız, heey!
Dastan, nağılımız, heey!
Üz qoyduğun torpaqda
Həsrətdən boğuluruq heyy!
....Ey gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya!
-Qəm dastanımız harda, nə vaxt bitəcək, bilmirəm! Bircə onu bilirəm ki, yaddaşlarımızda bu illərdən əbədi izlər qalacaq. Bu izlərin arasında Vətən uğrunda öz canını qurban vermiş, körpə balalarını yetim qoymuş Siyasət adı da əbədi yaşayacaqdır.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər..