Ayaz Arabaçının ŞEİRLƏRİ
Saatı divardan söküb çıxartdım.
İçini ovcuma töküb çıxartdım.
Vaxt dayanmadı.
Pəncərəmi açdım gecəyə..
Pəncərədən baxdım küçəyə
hamı tələsirdi.
Külək yazıq-yazıq əsirdi.
Saatı şkafdakı paltarların altına qoydum.
Bəlkə vaxtı gizlətsəm,
ölüm bizi tapa bilməz.
Amma gecə saatın səsi gəldi.
Çıqq, çıqq, çıqq, çıqq..
Sanki kimsə
içimdəki qapını döyürdü,
aç, gəldim deyə..
***
Güzgüyə baxdım.
Güzgüdən də bir adam baxdı mənə..
O adam
mənə oxşamırdı.
Üzündə
tanımadığım illər vardı.
Gözlərində
yaşamadığım günlər.
Alnında
qayıtmayacaq yollar.
Güzgünü sındırdım.
Yeddi parça oldu.
İndi yeddi adam baxırdı mənə.
Oysa ki, mən birindən qurtarmaq istəyirdim yaxamı.
***
Köhnə ayaqqabılarım
qapının kandarında durur.
Palçığı hələ də üstündədi.
Bu ayaqqabı ilə
çox yollar getmişəm.
Bir kəndə, bir şəhərə, bir qadına, bir ayrılığa...
***
Ömrüm boyu
qapılar açdım.
Bəziləri evə çıxırdı.
Bəziləri küçəyə.
Bəziləri heç yerə.
Ən çox da
içimdə qalan qapıları açmağa çalışdım.
Bir gün son qapını tapdım.
Açmağa qorxdum.
Çünki arxasında
nə olduğunu bilirdim.
***
Sənə məktub yazdım.
Sonra cırdım.
Çünki sənə demək istədiklərimin
heç biri söz deyildi.
Mən sözü ürəyə verdim.
Sonra tikə-parça kağızları yandırdım.
Külünü küləyə verdim.
Bəlkə bir gün
sənin pəncərənə düşər.
Sən bilməzsən.
Mən də bilmərəm.
Amma külək bilər.
Biləsən,
mən o məktubu
hansısa bir ünvana yox,
taleyə göndərdim..