Arzu Hüseyn -  Sənsən bu dünyada eşqim, inamım

Ədəbiyyat 13:09 / 06.09.2026 Baxış sayı: 197

,

Sən dəyər verənsən, qədir bilənsən.

Bir köynək hamıdan yaxın olanım,

Yaxşı ki varımsan, yaxşı ki sənsən.

Ömrümün yarısın boşa yaşadım,

 

Küsdüm, təkliyimlə qoşa yaşadım.

İndi ki gəlmisən — yaşa, yaşadım,

Nə şirin dövransan, nə şirin dəmsən.

Qəlbim daş deyildi, daş elədilər,

Məni qəribliyə tuş elədilər.

Mən sənə sığındım; hər nə dedilər —

Qucağı Vətənsən, dadı Vətənsən.

Daha dizlərimin çözülməz bağı,

Keçərəm dəryanı, aşaram dağı.

İçimdə gizlənən məsum uşağı

Üzümdə, gözümdə gülümsədənsən.

Mən ki vəfalıyam verdiyim anda,

Qəlbim ilk sevincdə, ilk həyəcanda...

Yaşamaq şirinmiş sənlə olanda,

Dənizə, səmaya, günəşə tənsən.

Mən səndən tez ölsəm,

Məni yağış bil,

Üzündə, gözündə cığır-naxış bil.

Hələ ki mən varam, gec olmamış bil:

Şükrümsən, duamsan, özümsən, mənsən —

Yaxşı ki Sənsən

v