Sevinc QƏRİB - MƏN OLSAYDIM...
Ədəbiyyat
22:18 / 06.09.2026
Baxış sayı: 805
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kirpiklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına.
Yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi.
Sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim...
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır
Tanrının ovcunda kəpənək kimi...