SÜLEYMAN ABDULLA.- QOŞMANIN BAŞ SÖHBƏTİ
Sən başlara qoşma başını,
O yerdə ki, başla sayılır adamların sayı...
Tanrı şüar demək üçün yaradıb çoxunu
(Ya uca söz, qəhr et onları öz pafoslarında!)
Və lovğalanmağa...
Dilin al,
dərketmənin kal,
varlığın mal yerindən verib pay verən...
Kimlərisə tərifləmək,
kimlərəsə yaltaqlanmaq,
Nələrinsə xatirinə
kimlərəsə boyun əyməkdir işləri...
Yaltaqlıqdır, yalaqlıqdır vərdişləri...
Kütlə...
Qaragüruh elə dağıdıcı gücdür ki,
Həm də ən etibarsız...
Sırtıq, küt və arsız...
Müqayisə olunmaz yeraltı faciələrlə,
eyniləşməz yerüstü bəlalarla...
Zəlzələyə nə var, dostum, tauna nə var
qaragüruhla müqayisədə.
Təki tabaqda bir tikə çörəyi olsun,
beş-on manatı kisədə.
Alar ağzına adamı dəli sel kimi,
Dəli külək kimi, qara yel kimi,
Çırpar dağlara, daşlara...
Çıtqısı da ələ gəlməz həqiqət adlı nəmənənin.
Yeri olmaz qınağın, tənənin...
Bir çeynəm saqqız qədər deyil gerçəkləri həyatın,
"Yaşarıq, görərik"lə olmur ağuşuna atıldığın,
Alındığın-satıldığın...
Ən böyük fitnə qaynağıdır o burulğan, o tufan...
Burax başına gedişatı,
nə olur-olsun baş qoşma başlara...
(Hələ çox var əruzun failətünlərinə əfailün)
Ən təhlükəli adamlardır
bu gün qurbanını dağ başına qaldırıb
sabah dar ağacı quranlar...
Fikirləri qasırğa yaradar
aldadıcı qəhrəmanlıqla saxta xəyanət arasında...
Yaratmaq çətindir deyə
hər zaman dağıtmaq,
məhv etmək üstündə köklənər düşüncələri...
Uzaqlardan bir səs gəlir,
Söz dəyirmandakıdır, ya deyil, fərqi yox...
Bəlkə də ən möhtəbəridir
Bu günə qədər oxunanların fövqündəki fatihə...
Çoxu ölüsünü unudub dirisini ağlayır cəhalətin,
Baş qoşma onlara,
çünki tarix boyu anasını ağladıblar dərkin...
İndi özlərini ağlayır anaları və öz canlarını...
Sus və təxmin et zamanın gedişatını,
Baş qoşma baş sayılanlara,
Hərçənd ki qoşma deyil bu şeir...