Ələsgər Əlioğlu - O GÖZƏL
Ədəbiyyat
21:31 / 26.10.2026
Baxış sayı: 774
Cığırların yaxasından gül dərə,
Lalələrlə hörüyünə od verə.
Ürəyimi qaranquşa döndərə,
Körpə-körpə yuvasından uçura.
Sözlərimin şəkərinə uymaya,
Kölgəmi də yaxınına qoymaya.
Səhənginin buz suyuna qıymaya,
Gözlərinin alovunu içirə.
Mən olmayam inadımdan dönəsi,
O olmaya ədasından enəsi.
Qəfil kəsə qabağımı nənəsi,
Lap iynənin ulduzundan keçirə.
1978