Süleyman Abdulla : - DOST YERİNİN ŞEİRİ

Ədəbiyyat 11:17 / 12.05.2026 Baxış sayı: 234

 

 

Simurğ tükü deyil hər yanan lələk,

Bura "sərçə" göydü, "qutan" yerdi, dost.

Tanrıdan əllərin üzülsə kef çək,

Naxışın tutarsa butan yerdi, dost.

 

Bizdə ayrıcalıq çoxdan yad deyil,

Qürbətə yolçuluq quru ad deyil.

Bu vətən deyilən doğma-zad deyil,

Qəribi ağlamaq tutan yerdi, dost.

 

Bütün ümidimiz boş aha çıxdı,

Bəndə etdiyi suç Allaha çıxdı.

O seçib saydığın əjdaha çıxdı,

Adamı beyqəfil udan yerdi, dost...

 

12.05.2026. Daşkənd.