Ələddin Əzimli - GECƏLƏR

Ədəbiyyat 19:48 / 11.05.2026 Baxış sayı: 658

 

" Sözlərdəki sən" dən

1.

Gecələr

sal məni yadına.

Gündüzlər

keçinirəm bir təhər.

Gecələr

sənsiz çətindir.

Hara baxıramsa,

izlərin, surətindir.

Gecələr

təzələmə dərdimi.

Üz çevirmə

soyuq divarlar kimi.

2.

Dünyanın mat qalmışam

qəribə işlərinə.

Uyğunlaşa bilmirəm

zamanın gərdişinə.

Qapımı, pəncərəmi

döyür aramsız külək.

Küləyin arxasınca

yəqin yağış gələcək.

...Kimdir islsq nəfəslə

gecə vaxtı səslənən?!

Durub yağışın altda

gəlişimi gözləyən?!