Elçin İsmayıl - Səməd Vurğunun
 

Ədəbiyyat 12:53 / 12.05.2026 Baxış sayı: 266

 

 

Öyrən, ürəklərdə dastana dönmüş,

Ömrünü varaqla Səməd Vurğunun.

Bir nakam sevgiyə yandı ürəyi,

Söz adlı ocaqda Səməd Vurğunun.

 

Coşqun ilhamını eldən alıbdı,

Yolunu təpədən, dağdan salıbdı

Hər dağda, dərədə izi qalıbdı,

Çeşmədə, bulaqda Səməd Vurğunun.

 

Dünyaya səs saldı bir qəlbin səsi,

Heyran etdi şeirləri hər kəsi,

Bu gün də yaşayır xoş xatirəsi,

Yaxında, uzaqda Səməd Vurğunun.

 

Demə ki, yol gəlib illər yorubdu,

Şirin nəğmə kimi qəlbə dolubdu,

Adı eldən-elə əzbər olubdu,

Hər dildə, dodaqda Səməd Vurğunun.

 

O, elə zirvədir qartal uçası,

Odur şeirimizin ilki, ucası

Doğma Salahlıda yurdu-yuvası,

Ürəyi Qazaxda Səməd Vurğunun.

 

  Qazax.